02_QARA QARAYEV-KITAB-TAQDIMAT.jpg
4 fevral 2011

Qara Qarayevə həsr olunmuş kitabın təqdimatı keçirilib

Fevralın 4-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” kitabının təqdimat mərasimi keçirilmişdir.


Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak etmişlər.


Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə dəstəyi ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin növbəti nəşri olan bu əsərin təqdimat mərasimində çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov dahi bəstəkarın əbədiyaşarlığından söz açmışdır.


Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək bildirmişdir ki, hər il fevralın 5-də adı Azərbaycan mədəniyyəti tarixinə qızıl hərflərlə yazılmış dahi bəstəkar, SSRİ Xalq Artisti, Dövlət Mükafatı laureatı, akademik Qara Qarayevin doğum günü silsilə tədbirlərlə qeyd edilir, onun ölməz musiqisi səslənir. Qara Qarayev opera, balet, simfoniya, simfonik poema, instrumental konsert, kamera-instrumental və vokal janrlarında yaratdığı əsərlərlə, teatr tamaşalarına və kinofilmlərə yazdığı musiqilərlə dünya mədəniyyəti xəzinəsinə böyük töhfə vermişdir. Onun “Yeddi Gözəl” və “İldırımlı yollarla” baletləri, simfoniyaları, “Don Kixot” simfonik qravülləri, “Leyli və Məcnun” simfonik poeması və bir çox başqa əsərləri müəllifinə dünya şöhrəti qazandırmışdır.


S.Məmmədəliyeva demişdir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2008-ci ildə sənətkarın 90 illik yubileyi təkcə ölkəmizdə deyil, dünyanın bir çox məşhur sənət məbədlərində geniş şəkildə qeyd edilmişdir.


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva “Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” kitabına yazdığı ön sözdə Azərbaycan xalqının bəşər tarixinə bəxş etdiyi nadir şəxsiyyətlərdən biri olan Qara Qarayevin yaradıcılığından söz açmış, təqdim edilən nəşrin musiqisevərlərə dəyərli bir hədiyyə olduğunu, bəstəkarın sənətinin, zəngin irsinin və şəxsiyyətinin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılmasında əhəmiyyətini vurğulamışdır.


S.Məmmədəliyeva Mədəniyyət və Turizm Nazirliyi adından bu monumental nəşrin hazırlanmasına göstərdiyi dəstəyə görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.


Diqqətə çatdırılmışdır ki, kitabda 700-ə yaxın sənəd xronoloji qaydada təqdim edilmişdir və bu sənədlərin bir çoxu ilk dəfədir nəşr olunur.


Nazir müavini çıxışını ulu öndər Heydər Əliyevin bu sözləri ilə tamamlamışdır: “Qara Qarayev bizə, özünün bədii dəyərinə görə valehedici irs qoyub getmişdir. Qara Qarayevin adı mütəfəkkir alim, görkəmli publisist kimi Azərbaycan elminin tarixinə yazılmışdır. Bəstəkar, pedaqoq, alim, rəhbər, ictimai xadim olan Qara Qarayev həmişə və hər işdə alovlu musiqiçi tribundur. Qara Qarayevin adı, onun musiqisi ölməzdir. İllər, on illər keçəcək, bizim kimi yeni-yeni nəsillər də gözəlliyi Qara Qarayevin əsərləri vasitəsilə dərk edəcəklər”.


Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Zemfira Səfərova, dahi sənətkarın tələbəsi, Xalq Artisti Musa Mirzəyev və başqaları çıxış edərək bu dəyərli kitabın nəşr olunmasını yüksək qiymətləndirmişlər.


Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Qara Qarayevin əsərləri” və “Qara Qarayev. Elektron məlumat bazası” diskləri də təqdim edilmişdir.


Mərasimdə Azərbaycan Dövlət simli kvarteti tərəfindən Qara Qarayevin əsərlərindən parçalar səsləndirilmiş və iştirakçılar sənətkarın həyat və yaradıcılığına həsr edilmiş sərgi ilə tanış olmuşlar.


FOTO