01_moskva-heydar-aliyev-kitab-taqdimat.gif
20 may 2013

Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Öndə addımlayan” kitabının təqdimatı olub

Mayın 20-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tarix fakültəsində Heydər Əliyev Fondunun və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə nəşr edilmiş “Öndə addımlayan” kitabının təqdimatı keçirilib. 


Kitabın müəllifləri MDU-nun tarix fakültəsinin dosenti İsmayıl Ağakişiyev, universitetin dosenti Gennadi Bordyuqov, tarix fakültəsinin dekan müavini Aleksey Vlasov və Moskva Dövlət Linqvistika Universitetinin kafedra müdiri Alan Kasayevdir. Kitabda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin şəxsiyyətinin böyüklüyü dünyanın ən tanınmış siyasətçilərinin rəyləri və əvvəllər dərc edilməmiş sənədlər əsasında hərtərəfli açıqlanır. Nəşrdə Azərbaycan Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasının, Rusiya Dövlət Ən Yeni Tarix Arxivinin əvvəllər dərc edilməmiş materialları, Sov.İKP MK Siyasi Bürosunun “məxfidir” qrifi altında saxlanılan sənədləri, XX əsrin məşhur siyasətçiləri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi şəxsən tanıyan Leonid Kuçma, Ditrix Genşer, Şimon Peres və başqaları ilə müsahibələrdən istifadə edilib.


“Öndə addımlayan” kitabının müəllifləri bu nəşrin ərsəyə gəlməsinə kömək edənlərə minnətdarlıqlarını bildirib, onun nüsxələrini imzalayaraq, Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya hədiyyə ediblər.


FOTO

Paylaş: