001--kataloq-hayat-olum-gozallik.gif
22 iyun 2013

Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində “Həyat, ölüm və gözəllik” mövzusunda sərginin kataloqu çap olunub

Heydər Əliyev Fondunun və Endi Vorhol Muzeyinin birgə dəstəyi ilə iyunun 21-də Heydər Əliyev Mərkəzində açılmış XX əsrin məşhur rəssamı Endi Vorholun əsərlərindən ibarət sərgi ərəfəsində Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində dünya şöhrətli rəssamın əsərlərinin reproduksiyasını əhatə edən kataloq Azərbaycan və ingilis dillərində çapdan çıxıb.


Kataloqun ilk səhifəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Bakıda dünya şöhrətli Amerika rəssamının sərgisinə dair bağlı fikirləri yer alıb.


Azərbaycanın qədim tarixi, adət-ənənələri ilə seçilən ölkə olduğunu xatırladan Leyla Əliyeva bildirir ki, burada müxtəlif mədəniyyətlər, Şərqlə Qərb sivilizasiyası, tarixlə müasirlik bir-birinə qovuşur, qədim ənənələri olan Azərbaycan bu gün həm də müasir incəsənət ölkəsi kimi tanınır.


Leyla Əliyeva son vaxtlar Bakının bir çox beynəlxalq tədbirlərə, müxtəlif sahələri əhatə edən konfrans, festival və yarışmalara ev sahibliyi etməsinə diqqət çəkir: “Bu dəfə isə Bakı daha bir əlamətdar hadisə ilə diqqət mərkəzindədir. Azərbaycanda, Heydər Əliyev Mərkəzində ilk dəfədir ki, modern rəssamlıq tarixinə adını həkk etmiş Endi Vorholun əsərlərinin sərgisi keçirilir.


Tarixi ənənələri, mədəni irsimizi yaşadan Heydər Əliyev Mərkəzi bu gün müasir incəsənət layihələri ilə yanaşı, Şərq və Qərb mədəniyyəti arasında körpünün, yaranmasına, Azərbaycan mədəniyyəti və incəsənətinin dünyaya, eyni zamanda da dünya sivilizasiya nümunələrinin Azərbaycanda təbliğinə dəstək olur.


Bu baxımdan endi Endi Vorholun “Həyat, ölüm və gözəllik” sərgisi müasir incəsənəti tanıtmaq və yaşatmaq istiqamətində uğurlu layihədir.


Bir daha bütün sənətsevərləri bu sərginin keçirilməsi münasibəti ilə təbrik edirəm və inanıram ki, incəsənət sahəsindəki bu tarixi hadisə sizdə xoş təəssüratla yadda qalacaq”.


Kataloqda Endi Vorhol Muzeyinin direktoru Erik Şinerin, sərginin kuratoru Cianni Merkurionun sərgiyə aid fikirləri də yer alıb.


Nəşrdə Endi Vorholun həyat və çoxtərəfli yaradıcılığı, onun simvolik obrazlarının mahiyyəti, portretləri, avtoportretləri, müəllifin əsərlərində həyat, ölüm və gözəllik mövzusu, pop-art kralının baxışları haqqında məlumatlar var.


Endi Vorholun əsərlərinin Azərbaycanda ilk dəfə təqdimatından yaşanan həyəcanını dilə gətirən muzeyin direktoru Erik Şinerin fikrincə sərgini ziyarət edənlər rəssamın kütləvi mədəniyyətə təsirini və “Amerika arzusuna” baxışlarını öyrənə biləcəklər. Sərgidə təkcə Endi Vorhol haqqında deyil, eyni zamanda, avanqard film, pop-art barədə də geniş məlumat əldə etmək mümkündür.


Sərginin təşkilinə görə Heydər Əliyev Mərkəzinə və Heydər Əliyev Fonduna təşəkkürünü bildirən kurator Cianni Merkurio əmindir ki, bu Mərkəz gələcəkdə bir çox mühüm tədbirlərə ev sahibliyi edəcək və Bakını müxtəlif mədəniyyətlərin kəsişdiyi bir mərkəzə çevirəcək.


Paylaş: