24 oktyabr 2011

Moskvada Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu. Bakı forumu” kitabı çapdan çıxıb

Moskvada Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu. Bakı forumu” kitabı çapdan çıxmışdır.


Kitabda 2010-cu il iyunun 29-30-da Bakıda keçirilmiş və XX əsrin böyük siyasi xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu” Forumunun işinin nəticələri ümumiləşdirilmişdir.


Məcmuəyə ön sözü həmin tədbirlərin təşkil olunmasında və keçirilməsində bilavasitə iştirak etmiş Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yazmışdır. Ön sözdə deyilir: “Bu kitab 2010-cu il iyunun 29-30-da Bakıda keçirilmiş “Əliyev qiraəti - “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu” adlı beynəlxalq konfransında alimlərin çıxışları əsasında hazırlanmışdır. Təqdim olunmuş cild, habelə Bakıda “Əliyev qiraəti”nin özü ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qloballaşma şəraitində mədəniyyətlərin qarşılıqlı əlaqəsi” Beynəlxalq konfransında qəbul edilmiş qərarın nəticəsi olmuşdur. 2009-cu ilin iyununda Moskvada, REA-nın Volxonkadakı Fəlsəfə İnstitutunda keçirilmiş ilk konfransdan sonra aydın oldu ki, Azərbaycan və Rusiya filosoflarının müasir şəraitdə mədəniyyətlərin qarşılıqlı əlaqəsi məsələlərinə dair disputlarının davamı olmalıdır və qarşılıqlı əlaqələr və dialoq problemi iki ölkənin xalqlarının bir-birini daha yaxşı başa düşmək, daha da yaxınlaşmaq arzusu ilə bağlıdır”.


Müəllif daha sonra yazır ki, Heydər Əliyev həmişə əmin idi ki, Rusiya ilə münasibətlər Azərbaycan üçün çox əhəmiyyətlidir. Bu münasibətlər həm iqtisadi, həm siyasi, həm də mədəni baxımdan mühümdür. Leyla Əliyeva yazır: “Onun fikrincə, cəmiyyətin həyatında mədəniyyətlərin qarşılıqlı əlaqəsi və dialoqu iqtisadiyyatın və siyasətin inkişafını irəlicədən müəyyən edir. Ona görə də qərara alınmışdır ki, 2010-cu ilin iyununda Bakı konfransı, Bakı forumu “Əliyev qiraəti” adı ilə keçiriləcəkdir. Azərbaycanın ümummilli lideri həmişə əmin idi ki, sivilizasiyalararası münaqişələri mədəniyyətlərin dialoqu, kommunikasiyaların transmədəni formaları dövrü əvəzləməlidir.


Heydər Əliyev öz ölkəsi, öz xalqı üçün işləyirdi. Onun siyasi iradəsi və intuisiyası sayəsində Azərbaycan hazırda dünya iqtisadiyyatında ciddi mövqe tutur, beynəlxalq aləmdə müəyyən çəkisi vardır. Ölkədə modernizasiya xətti götürülmüşdür. Bu, nəticə etibarilə ona gətirib çıxarmışdır ki, Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyada lider mövqe tutur, energetika, nəqliyyat, kosmos sahəsində iri regional layihələr həyata keçirir, siyasi, sosial və humanitar problemləri həll edir. Bu irimiqyaslı işlərdən aydın görünür ki, lider öz işində və ideyalarında yaşayır.


Bu gün Heydər Əliyev bizimlə deyildir, lakin Heydər Əliyev Fondu vardır. Fond onun irsini, ilk növbədə mədəniyyətlə, humanitar inkişaf, elmlə bağlı ideyalarını inkişaf etdirməyə çalışır. Əlbəttə, Fond Azərbaycan mədəniyyətinin inkişafı naminə çalışır, dünyada Azərbaycan dəyərlərinin başa düşülməsinə kömək edir, lakin bütün bunlar ölkədə dünya mədəniyyətinin əhəmiyyəti başa düşüldüyü zaman mümkündür. Ona görə də Fond öz fəaliyyəti ilə dünya mədəniyyətini və Azərbaycanı üzvi surətdə birləşdirməyə çalışır. Fondun iş üslubu Azərbaycan xalqından qaynaqlanır, çünki Azərbaycan xalqı həmişə tolerant, dialoqa açıq olmuşdur. Heydər Əliyev Fondu mədəniyyətlərin dialoqu işində alimlərin axtarışlarına, tolerantlıq mədəniyyətinin aşılanmasına və təbliğinə bundan sonra da kömək edəcəkdir.


Moskva və Bakı konfranslarının iştirakçıları mədəniyyətlərin qarşılıqlı əlaqəsi, dünya və lokal xarakterli milli mədəniyyətlərin inkişafında dialoqun rolunun daha dərindən başa düşülməsi sahəsində işi davam etdirmək barədə yekdilliklə qərar qəbul etmişlər”.


Məcmuədə Azərbaycan və Rusiya filosoflarının mədəniyyətlərin müxtəlifliyinin, onların konvergensiyasının saxlanılması, dünya mədəniyyətinin formalaşması, qloballaşma şəraitində müasir cəmiyyətdə ortaya çıxan dəyişikliklərin insana təsiri məsələlərinin nəzərdən keçirildiyi məqalələr, həmçinin AzərTAc-ın baş direktoru Aslan Aslanovun “Heydər Əliyevin natiqlik məharətinin onun siyasi fəaliyyətində əhəmiyyəti” məqaləsi yer almışdır.


Nəşr REA-nın Fəlsəfə İnstitutunun Elmi Şurası və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Elmi Şurası tərəfindən çapa təsdiq edilmişdir. Kitab Qloballaşma və Sabit İnkişaf İnstitutunun direktoru, professor Nizami Məmmədovun və fəlsəfə elmləri doktoru, RF hökuməti yanında Maliyyə Akademiyasının fəlsəfə kafedrasının müdiri, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti professor Aleksandr Çumakovun ümumi redaktəsi ilə nəşr olunmuşdur.


Tərtibçilər və məsul redaktorlar fəlsəfə elmləri namizədi, REA-nın Fəlsəfə İnstitutunun doktorantı, Rusiya Fəlsəfə Cəmiyyətinin Avrasiya bölməsinin elmi katibi Ariz Gözəlov və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadədir.


Paylaş: