002.jpg
9 mart 2010

Heydər Əliyev Fondu xalq artisti, professor Canəli Əkbərovun 70 illik yubileyi münasibətilə musiqi albomu nəşr edib

Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondu xalq artisti, professor Canəli Əkbərovun 70 illik yubileyi münasibətilə xanəndənin musiqi albomunu nəşr etdirmişdir.


Azərbaycan musiqi ifaçılığı məktəbinin görkəmli nümayəndəsi Canəli Əkbərovun həyat və yaradıcılığına həsr olunmuş albom yüksək poliqrafik səviyyədə və nəfis şəkildə hazırlanmışdır. Musiqi albomu kitab və dörd kompakt diskdən ibarətdir. Kitabda ustad xanəndənin uşaqlıq və gənclik illərindən, zəngin və unudulmaz hadisələrlə yadda qalan yaradıcılıq yolundan söhbət açılır. Eyni zamanda sənətkarın müxtəlif məclislərdə ifasının əks olunduğu şəkillər, tələbələri, sənət yoldaşları, ailəsi ilə çəkdirdiyi şəkillər də kitabda yer almışdır.


Nəşrdəki kompakt disklərdə cəmlənmiş musiqi nümunələri sənət hesabatı kimi xanəndənin yaradıcılıq yolunu əks etdirir. Burada xanəndənin ifasında “Zabul-segah”, “Mahur-hindi” muğam dəsgahları, “Dügah”, “Şahnaz” muğamları, “Simayi-şəms”, “Mənsuriyyə” zərb muğamları, “Qarabağ” şikəstəsi və xalq mahnıları toplanmışdır.