001.jpg
5 fevral 2010

Heydər Əliyev Fondu xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 60 illik yubileyi münasibətilə xanəndənin musiqi albomunu nəşr edib

Azərbaycan mədəniyyətinin inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondu xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 60 illik yubileyi münasibətilə xanəndənin musiqi albomunu nəşr etmişdir.


Alboma Azərbaycan və ingilis dillərində, yüksək poliqrafik səviyyədə və nəfis tərtibatda hazırlanmış, xanəndənin həyat və yaradıcılığını ətraflı əks etdirən kitab və üç kompakt disk daxildir.


Kitabda xanəndənin uşaqlıq və gənclik illərindən, muğam dünyası ilə ilkin tanışlığın ömürlük məhəbbət tarixçəsindən söhbət açılır. Böyük vurğunluqla dinlədiyi ustad sənətkarların aşıladığı muğam sevgisi vaxtilə gənc Ağaxanın həyatında böyük rol oynamışdır. Peşəkar sənətə yönələn yol A.Zeynallı adına Musiqi Məktəbindən, ustadların unudulmaz dərslərindən keçmişdir. Azərbaycan muğamının bənzərsiz gözəlliyi ömür boyu onu öz cazibəsində saxlamışdır.


Kitabda sənətkarın müxtəlif məclislərdə ifasının əks olunduğu şəkillər, tələbələri, sənət yoldaşları, ailəsi ilə çəkdirdiyi şəkillər də yer almışdır.


Alboma daxil olan kompakt disklərdə toplanmış musiqi nümunələri sənət hesabatı kimi xanəndənin yaradıcılıq yolunu əks etdirir. Burada xanəndənin ifasında “Rast” dəstgahı, “Bayatı-kürd”, “Zabul segah”, “Rahab”, “Bayatı-Qacar” muğamları, “Humayun” təsnifi və xalq mahnıları yer almışdır.