008.jpg
18 mart 2010

Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış “Azərbaycan” nəşrinin təqdimat mərasimi olub


Martın 18-də Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış “Azərbaycan” nəşrinin təqdimat mərasimi olmuşdur.


Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.


Azərbaycan haqqında müfəssəl məlumat vermək məqsədi ilə hazırlanmış nəşrdə toplanmış 1000-dən çox fotoşəkil xalqımızın qədim tarixi, mədəniyyəti, ənənələri, etnoqrafik xüsusiyyətləri ilə yanaşı, ölkəmizin müasir simasını təcəssüm etdirir. Kitabın ayrı-ayrı fəsilləri oxucuya Azərbaycanı qarış-qarış gəzmək imkanı yaradır. Bu rəmzi səyahət paytaxt Bakıdan başlayır. Kitabda əfsanəvi Xəzərin sahillərində yerləşən Bakının müxtəlif görməli yerlərini, o cümlədən İçərişəhəri, Şirvanşahlar sarayını, Qız qalasını əks etdirən şəkillər vardır.


Paytaxtdan başlanan səyahət qədim Abşeronda davam edir. Sonra kitabın səhifələrində Qobustan qayaüstü rəsmləri, Yanardağ, Şahdağın qarlı zirvələri, Quba-Xaçmazın göz oxşayan bağları, Şəki-Zaqatala və Gəncə-Qazax zonasının zümrüd meşələri və qədim qalaları, Lənkəran və Naxçıvanın nadir təbiəti, tarixi abidələrini əks etdirən fotoşəkillər bir-birini əvəz edir. Kitabda hələ də Ermənistanın işğalı altında qalan torpaqlarımıza həsr olunmuş bölmələr də vardır. Nəşrə kompakt disk və buklet əlavə olunmuşdur.


Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitaba ön sözü Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yazmışdır.


Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri mərasimi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva açaraq çıxış etdi.


Dövlətimizin başçısı mərasimdə çıxış etdi.


Sonra kitabın hazırlanması üçün çəkilmiş fotoşəkillərdən ibarət sərginin açılışı olmuşdur.


Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva açılışı bildirən lenti kəsdilər və sərgi ilə yaxından tanış oldular.


Mərasimdə Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, deputatlar, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. 


FOTO