5 iyun 2008

Heydər Əliyev Fondu Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun həyat və fəaliyyətinə həsr olunmuş musiqi albomu nəşr edib

Heydər Əliyev Fondu Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun həyat və fəaliyyətinə həsr olunmuş musiqi albomu hazırlamışdır. Alboma Azərbaycan və ingilis dillərində nəşr edilən kitab və xanəndənin xalq mahnıları, təsniflər və muğamlardan ibarət 4 ədəd kompakt diski daxildir. Kitab Əlibaba Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 fevral 2000-ci il tarixli fərmanı ilə başlayır. İkinci səhifədə ümummilli liderin Əlibaba Məmmədova təbrik məktubu yer almışdır. Əlibaba Məmmədovu 70 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edən ulu öndər sənətkarın yaradıcılığına yüksək qiymət vermiş və yeni xanəndələr nəslinin yetişdirilməsi, muğam ifaçılığı məktəbinin daha da inkişaf etdirilməsi yolunda ona uğurlar arzulamışdır.  


Kitab Əlibaba Məmmədovun ümummilli lider Heydər Əliyevlə, Prezident İlham Əliyevlə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə görüşlərini əks etdirən fotoşəkillərlə zəngindir.


Kitabda Əlibaba Məmmədovun həyat və yaradıcılığı haqqında dolğun informasiya verilmişdir. Burada göstərilir ki, sənətkarın repertuarında “Rast”, “Bayatı-Şiraz”, “Dəşti”, “Rahab”, “Çahargah”, “Hümayun” muğamları başlıc yer tutmuşdur. Qeyd olunur ki, Əlibaba Məmmədovun yaratdığı “Hümayun” xalq çalğı alətləri ansamblı öz zəngin, çoxçalarlı, rəngarəng repertuarı ilə xalqımızın estetik zövqünün formalaşmasında öz müsbət rolunu oynamışdır.


Kitabda Əlibaba Məmmədovun pedaqoji fəaliyyəti də işıqlandırılmışdır.


Əlibaba Məmmədov xalqımızın qarşısındakı xidmətlərinə görə 1963-cü ildə respublikanın əməkdar, 1989-cu ildə isə xalq artisti fəxri adına layiq görülmüş, “SSRİ mədəniyyət əlaçısı” fəxri döş nişanı ilə təltif olunmuş, 1992-ci ildə Əlağa Vahidin əsərlərinə yazdığı mahnı və təsniflərə görə “Vahid” adına mükafata layiq görülmüşdür. Ümummilli liderimiz Heydər Əliyevin 4 fevral 2000-ci il tarixli fərmanı ilə Əlibaba Məmmədov 70 illik yubileyində ölkənin “Şöhrət” ordeni ilə təltif edilmişdir. Əlibaba Məmmədov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.


Kitabda sənətkarın müxtəlif məclislərdə ifasının əks olunduğu şəkillər, tələbələri, sənət yoldaşları, ailəsi ilə çəkdirdiyi şəkillər də yer almışdır.