8 aprel 2005

Heydər Əliyev Fondu “Qarabağ xanəndələri” musiqi albomunu nəşr edib

Heydər Əliyev Fondunun Azərbaycan muğam sənətinin inkişafı və qorunması istiqamətində tədbirlərindən biri "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomunun nəfis şəkildə nəşr olunması və "Gülüstan" sarayında təqdimat mərasiminin keçirilməsidir.


Alboma “Qarabağ xanəndələri” adlı azərbaycan, ingilis, rus, fransız dillərində olan kitab və 24 sənətçinin ifasında muğam parçalarından ibarət 12 disk daxildir.


Kitabın ilk səhifəsindəki “Qarabağ muğam məktəbi” başlıqlı yazıda layihənin müəllifi və rəhbəri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Qarabağ muğam məktəbi haqqında fikirləri yer almışdır. Burada bildirilir ki, Azərbaycan muğamı YUNESKO-nun qərarı ilə dünya mədəniyyətinin misilsiz dəyərə malik şifahi, mənəvi sərvətləri sırasına daxil edilmişdir.


Azərbaycanda muğamın tarixindən söz açan müəllif qeyd edir ki, muğam bütün ölkədə yayılsa da, onun əsas ocaqları özlərinin müstəqil məktəblərini yaratmış əsas muğam yaradıcılığı mərkəzləri kimi Bakı, Şamaxı, Gəncə, Naxçıvan və Şuşa sayılır. Qarabağ muğam məktəbindən bəhs edən müəllif qeyd edir ki, bu məktəbin nümayəndələri Azərbaycan xalqının musiqi mədəniyyətin inkişaf etdirməklə, öz həmvətənlərinin ağıllarına, hiss və duyğular aləminə nəcib təsir göstərmişlər.


Mehriban xanım Əliyeva bu layihənin də musiqi ənənələrinin qorunub saxlanması və zənginləşdirilməsinə sanballı töfhə verəcəyini vurğulamışdır.


Kitabın “Qarabağ xanəndələri” adlı hissəsində Qarabağ xanəndələri haqqında ayrı-ayrılıqda dolğun məlumat verilmişdir. Kitabda Qarabağ xanəndələrinin şəkilləri də yer almışdır.


Albomda Şərqin bənzərsiz muğam ustalarından 24 sənətçinin - Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Məşədi Məhəmməd Fərzəliyevin, Məcid Behbudovun, Seyid Şuşinskinin, Xan Şuşinskinin, İslam Abdullayevin, Bülbülün, Zülfü Adıgözəlovun, Əbülfət Əliyevin, müasir muğam ustalarının ifasında səslənən muğam parçaları ürəkləri riqqətə gətirir, xalqımızın qədim və zənqin mədəniyyəti barədə dinləyicidə əyani təsəvvür yaradır.


Xüsusilə, əlamətdardır ki, Fondun bu layihəsi məhz Qarabağ xanəndələrinə həsr olunmuşdur. Bu, həm də Qarabağ torpağının acısını, Azərbaycanın haqq səsini muğam vasitəsilə bütün dünyaya çatdırmaq məqsədi daşıyır, hər bir azərbaycanlıya bu fikri aşılayır ki, belə nadir sənətkarlar yetirən, belə möcüzəli musiqinin beşiyi olan Qarabağ torpağı yağı tapdağında, işğal altında, düşmən əlində qala bilməz.


2005-ci ilin mart ayında YUNESKO-nun qərargahında xoşməramlı səfirlərin illik toplantısında təqdimatı olmuş "Qarabağ xanəndələri" musiqi albomu çox böyük diqqət cəlb etmişdir.


Heydər Əliyev Fondu muğamı qorumağı, inkişaf etdirməyi, muğamın gözəlliyini, onun dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmağı özünün mənəvi borcu sayır.


Paylaş: