4 oktyabr 2007

Heydər Əliyev Fondu “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabını nəşr edib

Heydər Əliyev Fondu “Qarabağ haqqında həqiqətlər” seriyasından “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” (“War Against Azerbaijan: Targeting Cultural Heritage”) kitabını hazırlamışdır. 


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Heydər Əliyev Fondunun birgə hazırladığı kitab işğalçı Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasətindən və onun acı nəticələrindən bəhs edir.


İngilis dilində olan kitab yüksək poliqrafik səviyyədə nəşr olunmuşdur. Kitab “Qafqaz albanlarının dini memarlıq irsi” və Azərbaycanın işğal altındakı bütün rayonlarında mədəni irsimizin məruz qaldığı erməni vəhşiliklərindən bəhs edən yazılı və illüstrativ materiallardan ibarətdir.


Giriş hissədə Azərbaycan tarixi haqqında qısa arayış verilir. Burada uzun illər ərzində ölkəmizdə arxeoloji qazıntılar nəticəsində əldə olunmuş maddi-mədəniyyət nümunələri xatırladılır, yer üzündə qədim insan məskənlərindən biri olan Azərbaycan ərazisində meydana gəlmiş erkən sivilizasiyadan, əcdadlarımızın yaratdığı rəngarəng memarlıq abidələrindən söhbət açılır. Azərbaycanda qədim dövlətçilik ənənələri barədə məlumat verilir, ötən nəsillərin hər birinin mədəni irsimizdə öz payı olduğu vurğulanır. Azərbaycan ərazisində müxtəlif dinlərin – bütpərəstlik, zərdüştilik və xristianlığın yaranması tarixindən danışılır, bunların hər birinin mədəni-mənəvi irs xəzinəsinə töhfə verdiyi bildirilir. Kitabda ərəb istilasından sonra Qafqaz Albaniyası əhalisinin əsasən İslamı qəbul etməsi, bəzi dağlıq bölgələrdə isə xristianlığın qalması vurğulanır. Sonrakı dövrlərdə yaranmış Salarilər, Şəddadilər, Atabəylər, Hülakülər (Elxanilər), Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər kimi tarixi Azərbaycan dövlətlərindən bəhs olunur. Bildirilir ki, XIX əsrin əvvəllərində Azərbaycanın şimal ərazilərinin Rusiya tərəfindən işğalından sonra çarizmin mürtəce demoqrafik siyasəti nəticəsində bu yerlərə İran və Türkiyədən on minlərlə erməninin köçürülməsi, əslində, gələcək dramatik-faciəvi hadisələrin əsasını qoymuşdur. Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsindən sonra Azərbaycanın tarixi torpaqları hesabına Ermənistan Respublikası yaradılmışdır. Bundan daha da şirnikən erməni-daşnak millətçiləri Azərbaycana qarşı ərazi iddialarını davam etdirmiş, keçmiş SSRİ rəhbərliyi bu işdə faktiki olaraq onlara himayədarlıq etmişdir.


“Qafqaz albanlarının dini memarlıq irsi” adlanan bölmədə Qafqaz Albaniyası dövrünə aid abidələrdən geniş bəhs olunur. Bu da təsadüfi deyildir. Çünki tarixi faktları saxtalaşdırmağa adət etmiş ermənilər indi də Qafqaz Albaniyası dövlətinin erməni etnosu tərəfindən yaradılması və deməli, həmin dövrə aid xristian abidələrinin də ermənilərə mənsub olması kimi sərsəm təbliğatla məşğuldurlar. Azərbaycan tarixçilərinin bu məsələ ilə bağlı bəyanatında deyilir: “Qarabağın yüz ildən çox müddət ərzində arxeoloji tədqiqi prosesində nə dağlıq, nə də düzən Qarabağda heç bir erməni yaşayış yeri, nekropolu, qalası və s. aşkar olunmamışdır. Azərbaycan arxeoloqlarının on illər boyunca apardıqları arxeoloji qazıntılar nəticəsində Qarabağ ərazisində paleolit dövrünə aid Azıx, Tağlar, Zar mağara düşərgələri, eneolit dövrünə aid Çalağantəpə, Leylatəpə və s. abidələr, ilk tunc dövrünə aid Xankəndi, Üçoğlan, Göytəpə, Qarahacılı abidələri, orta tunc və son tunc dövrlərinə aid Üzərliktəpə, Xocalı, Dovşanlı, Axmaxı, Sırxavənd, Sarıçoban, Qarabulaq abidələri, habelə antik dövrə və ilk orta əsərlərə aid Covurqala və digər çoxsaylı abidələr aşkar edilmişdir. Dünya elmi ictimaiyyəti, o cümlədən erməni alimlərinin özləri də bütün bu tarixi abidələrin Azərbaycanın qədim sakinlərinə məxsus olduğunu birmənalı şəkildə qəbul etmişlər”.


Kitabda qeyd olunur ki, Qafqaz Albaniyası cənubda Araz çayından tutmuş, şimalda Dərbəndə kimi ərazini əhatə edirdi. Baxmayaraq ki, Albaniyada xristianlıq IV əsrdə dövlət dini elan edilmişdir, onun təbliği hələ I əsrdə başlamışdı. İndiki Şəki rayonunun Kiş kəndindəki kilsə Alban kilsələrinin anası hesab olunurdu. Bu, təkcə Albaniya ərazisində deyil, eyni zamanda, Cənubi Qafqazda ilk kilsə idi.


Sonralar Albaniyanın birinci paytaxtı olan Qəbələdə, indiki Oğuz, Qax, Zaqatala, Balakən rayonları ərazisində və başqa yerlərdə kilsələr tikilmişdi.


Kitabda Şimali Azərbaycan xanlıqları Rusiyaya birləşdirildikdən sonra erməni Qriqorian kilsəsinin Alban kilsəsinə qarşı məkrli siyasətindən və nəhayət, Peterburq Sinodu vasitəsilə onun fəaliyyətinə son qoyulmasından geniş bəhs olunur. Eyni zamanda vurğulanır ki, Qriqorian kilsəsinin bu siyasəti həm də xristian albanların və onların abidələrinin erməniləşdirilməsi siyasəti ilə müşayiət olunurdu. Lakin albanların çoxu buna qarşı çıxmış və İslamı qəbul etmişdilər. Bu fakt XIX əsrə aid statistik məlumatlarla da sübut olunur. Həmin faktlar Rusiya imperiyasının nümayəndələri tərəfindən toplanılmış və çap etdirilmişdir. Özü də albanların İslamı qəbul etməsi elə bir dövrdə baş verirdi ki, o vaxt Rusiyada müsəlmanların vəziyyəti xristianlara nisbətən çox əlverişsiz idi. Bununla belə, albanlar erməniləşməyə yox, müsəlmanlığı qəbul edib alban olaraq qalmağa üstünlük verirdilər. Eyni zamanda, erməni kilsəsinin bütün təzyiqlərinə baxmayaraq, Azərbaycanın indiki Qəbələ və Oğuz rayonlarında yaşayan udilərin o vaxtkı nəsilləri erməniləşmədilər, öz dillərini və adət-ənənələrini saxladılar.


Kitabda işğal olunmuş rayonlar üzrə abidələrin, mədəniyyət ocaqlarının siyahısı, xəritələr verilmişdir. Bu siyahılara Şuşa rayonundan 279, Kəlbəcər rayonundan 255, Laçın rayonundan 345, Qubadlı rayonundan 209, Zəngilan rayonundan 171, Cəbrayıl rayonundan 169, Füzuli rayonundan 148, Xocavənd rayonundan 76, Xocalı rayonundan 62, Ağdam rayonundan 126, Tərtər rayonundan 18 obyekt daxil edilmişdir.


Kitabda, eyni zamanda işğal altındakı bölgələrimizdə və Ermənistan ərazisindəki tarix və mədəniyyət abidələrimizin əvvəlki və indiki vəziyyəti haqqında materiallar yer almışdır. Kitabda vurğulanır ki, ermənilərin bu gün də davam edən dağıdıcılıq siyasəti Azərbaycan mədəniyyətinə zərbə vurmaq məqsədi daşıyır. Qarabağın işğal altındakı şəhər və qəsəbələrində, o cümlədən Şuşada abidələrin dağıdılması, onların memarlıq əlamətlərinin dəyişdirilməsi, “arxeoloji qazıntılar” pərdəsi altında “erməniləşdirilməsi” bu ərazilərin və abidələrin Azərbaycana məxsusluğuna dair bütün əlamətlərin məhvinə yönəlmiş uzunmüddətli hədəflərdir. 1994-cü ildə imzalanmış atəşkəs sazişindən keçən 13 ildə baş verənlərin təhlili göstərir ki, bu müddət ərzində ermənilərin dağıtdığı abidələrin sayı hərbi əməliyyatların getdiyi illərdə dağıdılmış abidələrin sayından çoxdur. Nadir kolleksiyası olan Kəlbəcər tarix-diyarşünaslıq muzeyi, Şuşa, Laçın, Ağdam muzeyləri və başqaları dağıdılmış, onların eksponatları dünyanın müxtəlif ölkələrində satışa çıxarılmışdır. Məsələn, Natəvanın, Üzeyir Hacıbəyovun, Bülbülün güllələnmiş tunc heykəlləri Şuşadan aparılaraq, sonradan Gürcüstanda satışa çıxarılmış və Azərbaycan hökuməti bunları 500 min dollara alıb Bakıya gətirmişdir. Londondakı Sotbi hərracında Laçın tarix-diyarşünaslıq muzeyinə məxsus eksponat 80 min dollara satılmışdır.


Kitabda qeyd olunur ki, ermənilərin işğal olunmuş ərazilərdə həyata keçirdikləri vəhşiliklərindən biri də tarixi abidələrdə və ayrı-ayrı tikililərdə Azərbaycan-müsəlman elementlərini erməni xaçı və yazıları ilə əvəz etmələridir.


Kitabda işğal olunmuş rayonların tarix-mədəniyyət abidələrinin bir çoxunun əvvəlki görünüşünü və indiki dağılmış vəziyyətini əks etdirən fotoşəkillər geniş yer tutur. Eyni zamanda hər bir rayonun abidələri olan ərazilərin kosmosdan çəkilmiş şəkilləri verilmişdir.


Kitabda indiki Ermənistan ərazisindəki Azərbaycan abidələri, o cümlədən Urud kəndindəki məşhur kitabələr, İrəvandakı Sərdar sarayı, Göy məscid, Şah İsmayıl məscidi və s., azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiyası barədə geniş məlumat da əksini tapmışdır.


Kitabın daha bir üstünlüyü ona buradakı materialların əks olunduğu bir multimedia və bir video diskin əlavə olunmasıdır.


İlk növbədə beynəlxalq ictimaiyyət üçün nəzərdə tutulmuş bu kitabın ölkəmizin işğal olunmuş torpaqlarında, eləcə də indiki Ermənistan ərazisindəki tarix və mədəniyyət abidələrini məhv etməklə bu yerlərin azərbaycanlıların tarixi-etnik torpaqları olmasını təsdiqləyən izləri itirmək məqsədi daşıyan erməni millətçi-daşnak siyasətinin mahiyyətini ifşa etmək baxımından müstəsna əhəmiyyəti vardır. Bu qiymətli nəşr erməni vandalizmi nəticəsində məhv olunan mədəni sərvətlərimiz haqqında dünya ictimaiyyətinə dolğun məlumat çatdırmaqla yanaşı, gələcək nəsillərin də həmin həqiqətləri bilməsi üçün sənədli mənbədir.


Onu da qeyd edək ki, yeni nəşrlə bağlı www.war-culture.az domeni olan internet səhifəsi də yaradılmışdır.