24 yanvar 2006

Heydər Əliyev Fondu “Qarabağ həqiqətləri” bukletlər toplusunu nəşr edib

Hər bir insanın probleminə, ictimaiyyətdə baş verən hadisələrə həssaslıqla yanaşan Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mütəmadi olaraq müxtəlif sahələrə aid yeni layihələr hazırlayıb həyata keçirir. “Qarabağ həqiqətləri” bukletlər toplusu həyata keçirilmiş layihələr sırasında xüsusi əhəmiyyətə malikdir.   


YUNESKO-nun xoşməramlı səfiri kimi bu təşkilatın bütün tədbirlərində qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların təhsili və işğal olunmuş Azərbaycan torpaqlarında dağıdılan tarixi abidələrlə bağlı problemlərə toxunaraq beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan ərazisinin 20 %-nin Ermənistan tərəfindən işğal olunması məsələsinə yönəldən Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlanan bu layihə əzəli Azərbaycan torpağı olan Qarabağ haqqında həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq məqsədi ilə həyata keçirilmişdlir.


“Qarabağ həqiqətləri” silsiləsi aşağıdakı beş bukletdən ibarətdir:


1. “Qarabağın tarixi haqqında qısa məlumat”;


2. “Qarabağ münaqişəsinin başlanması”;


3. “Xocalı soyqırımı”;


4. “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti”;


5. “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”.


Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin başlanması, onun nəticəsində ölkəmizə dəyən ziyan, xalqımızın yaddaşından heç vaxt silinməyəcək Xocalı faciəsi, ermənilərin dünyanın müxtəlif ölkələrində törətdiyi terror aktları haqqında faktları əks etdirən bukletlər beynəlxalq ictimaiyyət üçün nəzərdə tutulduğu üçün ingilis, fransız, alman, rus və macar dillərində nəşr olunmuşdur.


Nəfis şəkildə tərtib edilmiş və yüksək poliqrafik səviyyədə çap olunmuş bukletlər fotoşəkillərlə zəngindirlər. Bütün bukletlərdə Azərbaycanın xərittəsi verilmiş və burada Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri göstərilmişdir. Eyni zamanda burada münaqişə nəticəsində dəymiş ziyan, işğal aktının qurbanları və s. məlumatlar yer almışdır.


“Qarabağın tarixi haqqında qısa məlumat” adlı buklet Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın “Azərbaycan dilindən “Qara Bağ” kimi tərcümə olunan “Qarabağ” sözünün özü bu diyarın əzəli Azərbaycan torpağı olduğunu sübut edir. Azərbaycan tarixində Qarabağın öz yeri, öz rolu vardır. Ölkəmizin bu bölgəsi planetimizdə ən qədim yaşayış məskənlərindən biridir....” sözləri ilə başlayır.


Burada Qarabağın tarixi haqqında qısa informasiya yer almışdır. Burada bildirilir ki, Qarabağ nəinki Azərbaycanın, hətta bütün dünyanın ən qədim torpaqlardan biri olmaqla bütün tarix boyu Azərbaycanın ayrılmaz hissəsi olmuşdur. Bildirilir ki, 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet dövlətinin bərqərar olmasından bir neçə il sonra, 1920-1923-cü illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibində olmuş Azərbaycan torpaqları özlərinin ənənəvi tarixi və geocoğrafi bütövlüyünü itirdi. Beləliklə, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrə bölündü. Beləliklə, erməni separatçıları öz mənfur siyasətlərini həyata keçirməyə və bununla da Azərbaycana ciddi ziyan vurmağa başladılar. SSRİ-nin süqutu ərəfəsində onlar öz fəaliyyətini sürətləndirdilər və Azərbaycana qarşı təcavüzkar müharibə başlandı.


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın “Xalqımıza qarşı dəfələrlə soyqırım törətmiş ermənilər, nəhayət, XX əsrin sonunda Azərbaycana qarşı silahlı təcavüzə başlamışlar. Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin təxminən beşdə bir hissəsi işğal olunmuş və ölkə əhalisinin hər səkkiz nəfərindən biri məcburi köçkün və qaçqına çevrilmişdir.....”sözləri ilə başlayan “Qarabağ münaqişəsinin başlanması” adlı bukletdə hadisələr xranoloji ardıcıllıqla verilmişdir.


“Xocalı soyqırımı” adlanan bukletin birinci səhifəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın faciə haqqında fikirləri yer almışdır: “Dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlının ürəyinə dağ çəkən və yaddaşından heç vaxt silinməyəcək bir hadisə var. Bu, erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi və yüzlərlə günahsız insanın ölümü ilə nəticələnən Xocalı soyqırımıdır. Xocalı faciəsi XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Arzu edirəm ki, heç bir xalq öz tarixində belə bir faciə ilə üzləşməsin”.


Bukletdə xalqımızın dəhşətli faciəs – Xocalı faciəsi haqqında dolğun informasiya verilir. Bildirilir ki, Ermənistan bu hadisədə məsuliyyət daşıyır və Ermənistanın məsuliyyətini nəinki Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında olan əhəmiyyətli faktlar, həmçinin, bir çox beynəlxalq mənbələr, o cümlədən bu faciənin şahidləri və Xocalının işğalında iştirak etmiş erməni hərbçilərinin ifadələri təsdiq edir.


Sonda Konqressmen Dan Bartonun 2005-ci ilin 17 fevralında ABŞ Nümayəndələr Palatasındakı çıxışından bir parça verilmişdir. Konqresmen çıxışında bunları qeyd etmişdir: “Günahsız uşaq, qadın və qocalara qarşı bu vəhşi qəddarlıq heç bir ölçüyə gəlmir, lakin bu qəddarlıq Xocalı ilə qurtarmadı. Xocalı sadəcə birinci idi. Xocalıda törədilmiş vəhşiliklər və görünməmiş qırğınlar erməni qoşunlarının hələ bundan sonra edəcəkləri dağıntılar və etnik təmizləmələr üçün nümunə rolunu oynadı”.


Bukletdə, həmçinin Xocalı faciəsini əks etdirən fotoşəkillər yer almışdır.


“Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” adlı buklet Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın terror haqqında fikirləri ilə başlayır: “Müasir dövrdə bəşəriyyətin üzləşdiyi ən böyük təhlükə terrorizmdir. Dünyanın heç bir ölkəsi bu bəlaya məruz qalmayacağına zəmanət verə bilməz. Azərbaycan terrorizmdən əziyyət çəkən ilk ölkələrdən biridir. Ona görə də ölkəmiz beynəlxalq terrorizmə qarşı qlobal mübarizəyə birincilər sırasında qoşulmuşdur. Antiterror koalisiyasında fəal iştirak etməklə yanaşı, biz erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri qanlı terror əməlləri barədə həqiqəti dünya ictimaiyyətinə tam şəkildə çatdırmaq üçün bütün imkanlardan istifadə etməliyik”.


Bu bukletdə Ermənistanın xüsusi xidmət orqanları və müxtəlif erməni terror təşkilatlarının Azərbaycan ərazisində törətdikləri terror aktlarından söhbət açılır, erməni terror təşkilatlarının müxtəlif dövrlərdəki fəaliyyəti işıqlandırılır.


Nəhayət, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri” adlı buklet Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu barədə söylədiyi fikirlərlə başlayır: “Bir milyondan çox soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsinə səbəb olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizə həm də çox böyük maddi və mənəvi ziyan vurmuşdur. İşğal edilmiş torpaqlarımızda 900-dək yaşayış məntəqəsi dağıdılmış, məktəblər, xəstəxanalar, kitabxanalar, muzeylər talan olunmuş, qədim tarix və mədəniyyət abidələrimiz məhv edilmiş, çadır şəhərciklərində sığınacaq tapmış soydaşlarımızın övladları normal şəraitdə təhsil almaq imkanından məhrum olmuşdur. Beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək, əsl həqiqəti dünyaya çatdırmaq məqsədi ilə qətiyyətlə, ardıcıl və məqsədyönlü fəaliyyət göstərməliyik”.


Burada Ermənistanın Azərbaycan ərazilərini işğalı nəticəsində dəymiş ziyan haqqında məlumat verilir.


Heydər Əliyev Fondunun həyata keçirdiyi bu layihə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin ifşa olunmasında əhəmiyyətli rol oynayacaqdır.


Paylaş: