20.JPG
2 iyun 2023

Heydər Əliyev Mərkəzində Maqsud İbrahimbəyova həsr edilmiş kitabın təqdimatı və premyera olub

İyunun 2-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilmiş “Maqsud əbədidir” kitabının və “Bağçadakı rahat yer” tamaşasının premyerası olub.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunan “Maqsud əbədidir” (“Максуд навсегда) kitabı Azərbaycan və rus dillərində hazırlanıb. Sənədli povest janrındakı kitab dünya şöhrətli yazıçı, nasir, kinodramaturq, rejissor, Azərbaycan Respublikasının "Şöhrət", "İstiqlal" və "Şərəf" ordenlərinin laureatı, 2012-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd Maqsud İbrahimbəyovun zəngin həyatı barədə məlumatları çatdırır.

 

Maqsud İbrahimbəyov nəyə görə hələ də oxucu üçün maraqlıdır? Nə üçün onun povestləri, hekayələri, pyesləri, filmləri bizi heyrətləndirir? Oxucu bütün bu suallara cavabı təqdim olunan kitabdan ala biləcək. Kitabın əsasını Maqsud İbrahimbəyovun öz fikirləri təşkil edir: həyatı barədə mətbuata verdiyi müsahibələri, gördüyü sevimli işinə dair düşüncələri, dostları və həmkarları ilə apardığı masaarxası şəxsi söhbətləri və s.

 

Tamaşaçılar Mərkəzin foyesində həmçinin Maqsud İbrahimbəyovun ssenarisi əsasında 1960-70-ci illərdə çəkilmiş bir sıra filmlərin afişası və bu ekran əsərlərindən kadrları əks etdirən fotosərgi ilə tanış olublar. Sərgidə “Uşaqlığın son gecəsi”, “Bizim Cəbiş müəllim”, “Ən vacib müsahibə”, “De ki, məni sevirsən!”, “Bayquş gələndə”,  “Yarımçıq qalmış mahnı” filmlərinin afişaları və fotolar yer alıb.

 

Daha sonra “Bağçadakı rahat yer” tamaşasının təqdimatı keçirilib. Rejissor Tərlan Rəsulov tərəfindən səhnələşdirilən eksperimental interaktiv tamaşa Maqsud İbrahimbəyovun “Bağçada rahat yer”, “Püstə ağacı” və “Əlvida, Miledi!” hekayələri əsasında hazırlanıb. Əsərlər bir neçə onillik bundan əvvəl yazılsa da, nəinki aktuallığını qoruyub-saxlayır, hətta öz antimüharibə ovqatı sayəsində gündəmi təşkil edir. Bununla yanaşı, köhnə Bakı, nəsillərarası varislik və Azərbaycan xalqının ən mürəkkəb şəraitdə belə istənilən sınaqların öhdəsindən gəlməyə qadir olan həmrəyliyi mövzuları hər üç hekayədə qırmızı xəttlə keçir.

 

Rollarda əməkdar artistlər Elşən Rüstəmov, Mələk Abaszadə, Şahin Növrəsli yer alıb. Gənc azərbaycanlı musiqiçi və bəstəkar Şahin Növrəsli tamaşaboyu həmçinin royal arxasında musiqi kompozisiyaları ifa edib.

 

Qeyd edək ki, hamımızın sevdiyi “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” filmlərinin ssenari, “Mezozoy əhvalatı”, “Sən nəğməmsən mənim”, “Truskavetsə kim gedir?”, “Bütün yaxşılıqlar üçün – ölüm!” və digər əsərlərin müəllifi Maqsud İbrahimbəyovun oxucu və tamaşaçılarının sayı milyonlarladır. Çünki onun təbliğ etdiyi dəyərlər əbədilik kateqoriyasındandır.

 

Maqsud İbrahimbəyovun yaradıcılığında Azərbaycan xalqının milli xüsusiyyətləri, adət-ənənələri, xüsusilə Bakının özünəməxsus koloritinin təsviri yaddaqalan tərzdə əksini tapıb.

 

Azərbaycan dövləti böyük yazıçının xatirəsini hər zaman əziz tutub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi təsis edilib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Yaradıcılıq Mərkəzinin yerləşdiyi binada əsaslı təmir və bərpa işləri aparılıb və mərkəz 2018-ci ildən istifadəyə verilib. 


FOTO

VİDEO