5 yanvar 2005

Heydər Əliyev Fondu ulu öndərimizə həsr olunmuş təqvim nəşr edib

Heydər Əliyev Fondu xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş yeni il təqvimi buraxmışdır.


Nəfis tərtibatda hazırlanmış, üz qabığında Fondun binasının şəkli verilmiş təqvim Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Yeni il təbriki ilə açılır. Təbrik bu sözlərlə başlayır:


"2004-cü il artıq arxada qalır. Biz həmin ili dahi şəxsiyyət Heydər Əliyevsiz yaşadıq. Əslində, Heydər Əliyev bu müddətdə cismən bizimlə olmasa da, ölkədə həyata keçirilən nəhəng işlərdə onun dəst-xətti, onun nəfəsi özünü açıq-aydın göstərir. Bu, bizə təsəlli verir".

 

Bəli, həqiqətən belədir və ulu öndərimizin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ötən ildə bütün sahələrdə əldə etdiyi böyük uğurlar xalqımızda belə bir inamı daha da gücləndirir ki, onun dahi oğlunun müəyyən etdiyi yolla inamla irəliləyən Azərbaycanımız özünün işıqlı və firavan gələcəyinə qovuşacaqdır.

 

Mehriban xanımın təbrik sözündə vurğulandığı kimi, Heydər Əliyev Fondunun başlıca məqsədlərindən biri ulu öndərin zəngin irsini öyrənmək və təbliğ etməkdir. Çünki Heydər Əliyevin şəxsiyyəti və fəaliyyəti böyk siyasi məktəb, həyatı boyu ən sadiq övladı kimi xidmət etdiyi Vətənin hərtərəfli inkişafı üçün hazırladığı konsepsiyalar xalqımızın misilsiz sərvətidir. Ona görə də bu məktəbdən, bu sərvətdən faydalanmaq, lazımınca bəhrələnmək Azərbaycanımızın tərəqqisini daim təmin edəcək əsas şərtlərdəndir.

 

Mehriban xanım Əliyevanın təbrikində əminliklə vurğulanır ki, Heydər Əliyev dühasının nuru ilə işıqlanan Azərbaycan 2005-ci ildə və bütün sonrakı illərdə yeni-yeni nailiyyətlər əldə edəcək və vətənini sevən hər kəs bu işə öz layiqli töhfəsini verəcəkdir.

 

Geniş formatda və yüksək poliqrafik səviyyədə çap olunmuş bu nadir təqvimdə türk dünyasının parlaq şəxsiyyəti Heydər Əliyevin ömrünün müxtəlif illərində çəkilmiş fotoşəkilləri verilmişdir.


Paylaş: