2012-ci il sentyabrın 15-də dünyanın məşhur “Christie’s” hərrac evi Heydər Əliyev Fondu və “YARAT!” Müasir İncəsənət Məkanı ilə birlikdə Bakıda “The Four Seasons Hotel”in möhtəşəm salonunda özünün Azərbaycanda ilk sərgisini təşkil edib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.
Sərgidə “Christie’s”in London, Nyu-York və Dubayda keçirdiyi payız satışlarında iştirak üçün seçilmiş müxtəlif sənət əsərləri, əşyalar və eksponatlar nümayiş olunub. Həmin eksponatlara impressionist, İkinci Dünya müharibəsindən sonrakı dövrün və müasir incəsənət əsərləri, Şərq xalçaları, eləcə də Birləşmiş Ərəb Əmirlikləri, İran və Türkiyənin çağdaş sənət nümunələri daxildir.
Bu sərgidə dünyanın tanınmış fırça ustalarının əsərləri yer almışdır. Bu sırada Pablo Pikasso kimi dünya şöhrətli rəssamın yaratdığı “Qadın itlə” əsəri də var idi.
Sərgidə “Christie’s”in kolleksiyasına daxil olan XVIII əsrə aid Qarabağ xalçası da nümayiş olunub.