“Tarixin şah əsərləri” sərgisi

  • Layihə
  • Foto


2019-cu il mayın 27-də Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərginin açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib.

 

Sərgidə 300-dək eksponat təqdim edilir. Üç bölmədə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim Azərbaycan incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən məişət əşyaları və rəsm əsərlərinin kolleksiyası və rus fotoqraf Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər nümayiş olunur.

 

Qacarlar epoxasına aid qədim incəsənət nümunələrinin əksəriyyəti Fətəli şah dövrünə aid dünyaca məşhur yağlı boya rəsmləri, miniatürlər, keramika, metal məmulatları, tekstil və xalçalarla təqdim edilir. Təsvirin gücünü yaxşı bilən Fətəli şah nüfuzunu və nailiyyətlərini nümayiş etdirmək üçün memarlıq, rəsm və dekorativ sənətdən geniş istifadə edirdi. Sərgidə Fətəli şahın özünün portreti də yer alıb.

 

Ekspozisiyada, həmçinin Azərbaycan panno rəngkarlığının banisi, Azərbaycan təsviri incəsənətinə böyük təsir göstərmiş ornament və portret ustası Mirzə Qədim İrəvaninin XIX əsrə aid yağlı boya ilə işlənmiş altı əsəri sərgilənir.

 

Mirzə Qədim İrəvani tikmə üçün olan trafaret rəsmləri, divar naxışları, zərgərlik məmulatları, lakla çəkilmiş rəsm əsərləri və şüşə rəssamlığı ilə tanınır. XIX əsrin ortalarında İrəvan xanlığının Sərdar sarayının salamat qalmış orijinal əsərlərini, həmin saray kompleksinin məscid və sarayının dekorunda işlədilən plitələri yenidən boyamış şəxs məhz o olub.

 

Sərgidə hərbi topoqraf kimi çalışan, sonra isə 1877-1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində iştirak etmiş D.Yermakovun fotoşəkillərindən ibarət kolleksiya da təqdim olunur. Müharibədən sonra Yermakov Tiflisdə foto işi ilə məşğul olub, Qafqaz bölgəsinə səyahətlər edib və bir sıra arxeoloji ekspedisiyalarda fəaliyyət göstərib. O, İrəvan qalasının nadir tikililəri - Sərdar Sarayı, məscidlər, karvansara və İrəvan şəhərinin tarixi mərkəzini təşkil etmiş orta əsrlərə aid digər binaların məhv edilməsi prosesini təfərrüatları ilə göstərən fotoşəkillər silsiləsini yaradıb.

 

Sərgi 2020-ci il aprelin 5-dək davam edəcək.



Paylaş:

001.JPG
002.JPG
008.JPG
009.JPG
010.JPG
011.JPG
012.JPG
013.JPG
014.JPG