2022-ci il mayın 5-8-də Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilib.
Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında Azərbaycan xalqının qonaqpərvərliyi, bu şəhərin qədimliyi və gözəlliyi bir daha nümayiş etdirilib.
Beynəlxalq Kulinariya Festivalında Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İndoneziya, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış ediblər. Qonaqlar peşəkar aşpazların ustad dərslərində də iştirak edib yemək hazırlamağın incəliklərini öyrəniblər.
Kulinariya festivalına Azərbaycanın müxtəlif iqtisadi rayonları – Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və digərləri qatılıb.
Tədbirdə Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, İsrail, Kanada, Koreya, Rusiya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə 40 beynəlxalq ekspert, qida üzrə bloqerlər də təmsil olunublar.
Festival zamanı Şuşada təkcə dünya xalqlarının təamları deyil, həmçinin müxtəlif ölkələrin maddi və mənəvi dəyərləri təqdim edilib. Bu konsepsiyaya əsasən, festivalda quraşdırılacaq pavilyonlar da fərqli formatda olub. Hər pavilyon qonaqları ayrı-ayrı ölkələrə xas memarlıq quruluşu, milli musiqi ilə salamlayıb, tanınmış əsərlərdən parçalar səhnələşdirilib. Festival günlərində qonaqlara ümumilikdə 100-dən çox incəsənət ustasının iştirakı ilə bədii proqram təqdim edilib. İstirahət və əyləncə zonasındakı pavilyonlarda tamaşalar, konsert və sərgilər təşkil olunub.
Festival çərçivəsində Azərbaycanın milli sənətkarlıq nümunələri də sərgilənib. “Azərxalça” ASC-nın yaradıcı heyəti xalçaçılıq ənənələrinə dair müxtəlif interaktiv təqdimatlar edib.
Festival çərçivəsində Şuşada Azərbaycan rəssam və heykəltaraşının iştirakı ilə “Şuşa. Bahar əfsanəsi” adlı plener keçirilib. Təbiət qoynunda yaradılan əsərlər vaxtı ilə işğal altında olmuş bir şəhərin hazırkı vəziyyətini, füsunkar təbiətini canlandırıb.