Şuşada yerləşən Üzeyir Hacıbəylinin ev-muzeyi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub.
Üzeyir Hacıbəylinin evi XIX əsrdə inşa olunub. 1959-cu ildə bina ev-muzeyi kimi fəaliyyətə başlayıb. Şuşa şəhəri ermənilər tərəfindən işğal edildikdən sonra muzey fəaliyyətini dayandırmış, eksponatları talanmış, binası isə dağıdılmışdı. Muzeyin mövcud 1700 eksponatından yalnız 136-sını qorumaq mümkün olmuşdu.
Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işlərinə 2022-ci ilin aprel ayından başlanılmışdı. Bərpa prosesi evin ilkin görünüşünə uyğun olaraq analizlərin hazırlanması, bünövrələrin möhkəmləndirilməsi, döşəmənin, fasadların və dam örtüyünün bərpası, daxili və xarici bəzək işləri, qapıların, pəncərələrin, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılmasını, həmçinin həyətyanı sahənin yaşıllaşdırılmasını əhatə edib. Muzey 2024-cü il sentyabrın 19-da yenidən istifadəyə verilib.
Bərpa işlərinin yekununda yeni ekspozisiya yaradılıb. Burada muzeyin konsepsiyası üzrə Üzeyir Hacıbəylinin ev-muzeyinin xilas edilən eksponatları nümayiş olunur.
Mədəniyyət ocağının birinci mərtəbəsində Üzeyir Hacıbəylinin ailəsi, uşaqlıq illəri, təhsili haqqında sənədlər, məlumat və digər müxtəlif eksponatlar yer alıb. Bu mərtəbədəki ikinci otaqda Ü.Hacıbəylinin Qori Müəllimlər Seminariyasında təhsili, pedaqoji fəaliyyəti, müəllifi olduğu əsərlər və məqalələri nümayiş olunur. Burada divarboyu “Sənsiz” romansından notların əks olunduğu fraqment də yer alıb.
İkinci mərtəbədə bəstəkarın tamaşaya qoyulan əsərlərinin ilk premyeralarının afişa və proqramları, eləcə də tələbələrini, səfərlərini əks etdirən fotoşəkillər nümayiş olunur. Burada divarboyu “Koroğlu” operasından notların əks olunduğu fraqment yer alıb.
Ev-muzeyində Üzeyir Hacıbəylinin səhnələşdirilən əsərlərindəki obrazlar üçün çəkilən eskizlər, əsərlərinin proqram və afişalarının kollajından ibarət divar da dizayn edilib. Həmin bölmədə bəstəkarın həyatı, fəaliyyəti, onun əsərləri əsasında lentə alınan filmlərdən kadrlar nümayiş olunur.