Heydər Əliyev Fondu Azərbaycanı,
onun tarixini və zəngin mədəniyyətini tanıtmaq məqsədilə mütəmadi olaraq müxtəlif
ölkələrdən məktəblilərin Azərbaycana səfərlərini təşkil edir. Bu layihə çərçivəsində
Heydər Əliyev Fondu, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi və Ümumbəşəri
Məsələlərin Araşdırılması üzrə Amerika Şurasının birgə əməkdaşlığı ilə amerikalı
məktəblilər arasında Azərbaycanla bağlı inşa müsabiqəsi keçirilmişdir. Üç min məktəbli
arasında keçirilən müsabiqə 1 dekabr 2011-ci ildə başlamış və 1 mart 2012-ci
ildə başa çatmışdır. Müsabiqənin qalibi elan edilmiş 10 məktəbli və onları
müşayiət edən şəxslər 2012-ci il 20-28 iyun tarixlərində Azərbaycana səfər
etmişlər. Səfər zamanı nümayəndə heyətinin bütün xərcləri Heydər Əliyev Fondu tərəfindən
qarşılanıb.
Ümumbəşəri
Məsələlərin Araşdırılması üzrə Amerika Şurası Birləşmiş Ştatların 40 ştatında
yerləşən 100-ə yaxın nümayəndəlikdən ibarətdir və həyata keçirdiyi qlobal layihələrdə
hər il 500.000-ə yaxın insan iştirak edir.