Quba Soyqırımı Memorial Kompleksi

  • Layihə
  • Foto
  • Video


Xatirə Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb.


Azərbaycan tarixinə XX əsrin ən faciəli soyqırımlarından biri kimi daxil olmuş qanlı faciədə bolşevik-erməni silahlı dəstələri Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törədib, mindən artıq kənd yandırılıb və dağıdılıb. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.


2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilib.


30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. 


2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışın ediblər.


Qubada aşkar edilən kütləvi məzarlığın yanında ucaldılan Memorial Kompleksdə tarixi sənəd və faktlar əsasında zəngin muzey yaradılıb.


Abidə üç hissədən: sivriuclu bıçaqları xatırladan iki konstruksiya – giriş və çıxışdan, mərkəzində qara xatirə daşı yerləşən əsas zaldan ibarətdir.


Abidənin iti ucları şiddətli ağrını təcəssüm etdirir. İti ucların yerin altından üzə çıxması həqiqəti gizlətməyin mümkünsüz olduğunu əks etdirir.


Abidə bütövlükdə brutto-betondan hazırlanıb. Faciə qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm etdirmək məqsədilə layihədə hər hansı  bəzəkdən imtina edilib.


Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən foto-şəkillərlə başlayır. Burada qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər sərgilənir.


Ekspozisiya unikal arxiv sənədləri ilə zəngindir. Burada 1918-ci ilin qanlı hadisələrindən sonra cinayəti tədqiq etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqda qərarı və komissiyanın sənədləri, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən xüsusi məzmunlu xəritə, ümummilli lider Heydər Əliyevin soyqırım haqqında sərəncamı təqdim olunur.


Müxtəlif qəzalarda baş vermiş soyqırımlar zamanı kütləvi şəkildə xüsusi qəddarlıqla öldürülmüş insanların əksəriyyəti yandırılıb, dənizə, quyulara atılıb və bu səbəbdən onları dəfn etmək mümkün olmayıb. Zalın mərkəzində belə qurbanların xatirəsinə qara mərmər daş ucaldılıb.


Muzeydə hər bir qəzanın tarixi faciəsi ayrı-ayrı bölmələrdə zəngin foto, arxiv sənədləri, statistik məlumat və diaqramlarla verilir. Bütün informasiya üç dildə, hər bölmənin qarşısında quraşdırılan elektron məlumat bazasında öz əksini tapıb.


Quba soyqırımını əks etdirən sənədli film zalda davamlı olaraq nümayiş etdirilir. Ekspozisiyanı müasir incəsənət nümunəsi – nəhəng metal lövhə üzərində əks olunmuş insan sifətləri tamamlayır. Bu, tarixin qan yaddaşına hopan hadisələrə bu günün baxışı, çağdaş dövrün münasibəti kimi dəyərləndirilir.


Zalın çıxışı 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsini əks etdirən foto-şəkillərlə tamamlanır.


Muzey Kompleksdə məlumat mərkəzi, zəngin kitabxana, kompüterlərlə təmin olunmuş oxu zalı fəaliyyət göstərir. Kompleksin ərazisində Azərbaycanın Respublikasının Dövlət Bayrağı ucaldılıb. Geniş həyətyanı sahədə Qubanın rəmzi olan alma ağaclarından ibarət bağ salınıb.


Heydər Əliyev Fondu tərəfindən, həmçinin 1918-ci ildə Azərbaycan qəzalarında törədilmiş soyqırımı tarixi faktlarla əks etdirən 16 adda, üç dildə buklet, 4 adda, üç dildə kitab nəşr edilib.



Paylaş:

01.gif
02.gif
03.gif
04.gif
06.gif
07.gif
08.gif
09.gif
10.gif
11.gif
12.gif
13.gif
14.gif
15.gif
16.gif
17.gif
18.gif
19.gif
20.gif
21.gif