Bakının Nizami rayonunda yerləşən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. 2013-cü il oktyabrın 7-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərkəzin açılışında iştirak edib.
Mərkəz üçün ayrılan ərazinin ümumi sahəsi bir hektardır. Əsas və köməkçi binalarla birlikdə tikintinin ümumi sahəsi 7300 kvadratmetr təşkil edir.
Mərkəzdə kompyuter, loqoped, riyaziyyat, astronomiya, psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri, idman zalı və üzgüçülük hovuzu, kino və teatr zalları var. Burada həmçinin, heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərir. Mərkəzdəki hovuz iki hissədən - üzgüçülük və müalicə hissələrindən ibarətdir. Binanın yeməkxanasında Daun sindromlu xəstələrin rahat qidalanması üçün hər cür şərait yaradılıb.
Mərkəzin ərazisində uşaq əyləncə meydançası, köşklər və açıq idman meydançası yaradılıb. Heydər Əliyev Fondu tərəfindən Mərkəzə avtobus da hədiyyə olunub.