Heydər Əliyev Fondu Qarabağ müharibəsi veteranları, əlil, aztəminatlı və çoxuşaqlı ailələrin ev problemini həll etmək məqsədilə Salyan şəhərində 8 hektar ərazidə yeni yaşayış massivi istifadəyə verib.
Yaşayış massivində birmərtəbəli 167 ev inşa olunub ki, bunlardan 6-sı dördotaqlı, 29-u üçotaqlı, 131-i ikiotaqlı, biri isə birotaqlıdır. Səkkiz küçədən ibarət olan şəhərcikdə 5 kilometr uzunluğunda daxili yollar asfaltlanıb. Qəsəbə tam şəkildə mavi yanacaq və elektrik enerjisi ilə təmin olunub. Ümumilikdə, 5 min 600 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb və 12 min ağac və bəzək kolları əkilib.