2014-cü il dekabrın 4-də Parisin Qış Sirkində “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatına həsr olunmuş tədbirlər çərçivəsində “Fransa-Azərbaycan güləş üzrə yoldaşlıq görüşü. Olimpiya test matçı” təşkil olunub.
Açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblı çıxış edib, Azərbaycanın idman nailiyyətləri, birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişindən bəhs edən film nümayiş etdirilib.
1600-dək tamaşaçının izlədiyi görüşdə yunan-Roma, sərbəst və qadın güləşi üzrə 10 çəki dərəcəsində yarışlar keçirilib. Azərbaycan komandası rəqibinə 9-1 hesabı ilə qalib gəlib.
Azərbaycanın birinci xanımı, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva, Fransanın idman üzrə dövlət katibi Tiyeri Brayar, Beynəlxalq Güləş Federasiyasının prezidenti Nenad Laloviç, Fransa hökumətinin, parlamentinin üzvləri, idman ictimaiyyətinin nümayəndələri də görüşü izləyənlər arasında olublar.
Oyunlar başa çatdıqdan sonra yoldaşlıq görüşü münasibətilə ziyafət təşkil olunub. Mərasimdə Azərbaycanda idmanın, o cümlədən güləşin inkişafından bəhs edən film nümayiş olunub, Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.