2025-ci il mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Marafonu keçirilib.
“Küləyə qalib gəl” şüarı ilə təşkil edilən yarışda 28 minədək iştirakçı qeydiyyatdan keçib.
Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər də qatılıblar, həmçinin digər ölkələr - Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Hindistan, İspaniya, İtaliya, Kanada, Niderland, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukraynadan və digərlərindən qoşulanlar olub.
Yürüşdə fiziki imkanları məhdud şəxslər və Daun sindromlu uşaqlar da iştirak ediblər.
Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonun marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini, ümumilikdə 21 kilometrlik məsafəni əhatə edib.
Kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin olub. Ukraynalı Vitali Şafar finiş xəttini ikinci keçib. Bürünc medalı isə Türkiyənin digər təmsilçisi Murat Emekdar qazanıb.
Qadınların mübarizəsində ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma üçüncü yerə layiq görülüb.
Tələbələr arasında finişə hamıdan tez Azərbaycan İdman Akademiyasında təhsil alan Miyanə Xəlilova və Nihad Cabbarlı çatıblar.
Paravelosipedçilərin mübarizəsində Tofiq Babayev 1-ci, Orxan Nəbiyev 2-ci, Bəhlul Əliyev 3-cü yeri tutub.
Finiş xəttinə ilk çatan korporativ iştirakçı Teymur Fərəcov olub.
“Bakı Marafonu 2025”in mükafatlandırması iki kateqoriyada olub. Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparıb. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunub. Finiş xəttini keçən ilk 2000 iştirakçı da “Bakı Marafonu 2025”in medalları ilə mükafatlandırılıb.
Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında ənənəvi olaraq əyləncə zonası da yaradılıb. Burada müxtəlif əyləncələr, yarışlar, idman tədbirləri keçirilib, sevimli ifaçıların iştirakı ilə musiqili proqram təşkil olunub.