Muğam ensiklopediyası

  • Layihə


Heydər Əliyev Fondu Azərbaycan muğamına həsr olunmuş “Muğam ensiklopediyası” nəşrini hazırlayıb. 2008-ci il sentyabrın 17-də “Gülüstan” sarayında layihənin təqdimatı keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.


Nəşrə “Muğam ensiklopediyası” və Azərbaycanın görkəmli muğam ustalarının səsyazılarından ibarət “Azərbaycan xanəndələri” adlı kolleksiya daxildir.


“Muğam ensiklopediyası” nəşrində böyük həcmdə informasiya – 1300-ə yaxın məqalə, muğamla bağlı terminlərin şərhi, muğam ifaçılarının, bəstəkarların yaradıcılığı haqqında məlumatlar, antik dövrdən müasir dövrə kimi dünyanın böyük alimləri və onların musiqiyə, muğama həsr olunmuş elmi əsərlərinə dair bilgilər, Azərbaycanın və xarici ölkələrin mədəniyyət xadimlərinin muğam haqqında fikirləri, bir sıra təşkilatlar – musiqi təhsili ocaqları, arxivlər, muzeylər, fondlar, musiqi kollektivləri ilə bağlı məlumatlar toplanıb.


Kitabın redaksiya heyətinin sədri və baş redaktoru Mehriban Əliyevadır.


“Azərbaycan xanəndələri” adlı kolleksiya 6 albomdan: “Qarabağ xanəndələri”, “Muğam dəstgahları”, “Gənc xanəndələr”, “Ustad xanəndələr” (kişi xanəndələr) və “Ustad xanəndələr” (qadın xanəndələr) adlı 5 CD albom və “Muğam ensiklopediyası” multimedia diskindən ibarətdir.


Ümumilikdə bu kolleksiyaya daxil olan 20 CD XX əsrin əvvəllərindən başlayaraq XXI əsrin əvvəllərinə kimi bir əsrlik dövrün səsyazılarını özündə cəmləşdirir. Kolleksiyada ustad və gənc xanəndələrin ifasında muğam dəstgahları, kiçik muğamlar, zərbi muğamlar, şikəstələr, təsniflər və xalq mahnıları təqdim olunur.


Kolleksiyaya daxil olan “Qarabağ xanəndələri” albomu Qarabağ muğam ifaçılığı məktəbinə mənsub görkəmli Azərbaycan xanəndələrinin səsyazılarını əhatə edir. Alboma XX əsrin əvvəllərində fəaliyyət göstərən xanəndələrin qrammofon vallarında qorunub saxlanılan ifaları ilə yanaşı, bu məktəbin ənənələrini davam etdirən orta və gənc nəsil xanəndələrinin ifasında muğamlar, təsnif və xalq mahnıları daxil edilib.


“Muğam dəstgahları” albomunda Azərbaycan şifahi ənənəli professional musiqi xəzinəsinin inciləri olan bütün muğam dəstgahları, kiçik muğamlar, zərbi muğamlar, şikəstələr və onların rəngarəng ifaçılıq variantları toplanıb.


“Ustad xanəndələr” albomu kişi və qadın xanəndələr adlı iki hissədən ibarətdir. “Ustad xanəndələr” albomunun kişi xanəndələr adlı hissəsində Azərbaycan muğam sənətinin inkişafında mühüm əhəmiyyəti olan Qarabağ, Bakı, Şirvan və respublikanın digər bölgələrinin ifaçılıq məktəblərinin müxtəlif nəsillərinə mənsub kişi xanəndələrin ifasında muğam dəstgahları, kiçik muğamlar, zərbi muğamlar, şikəstələrlə, təsniflər və xalq mahnıları təqdim olunub.


“Ustad xanəndələr” albomunun qadın xanəndələr adlı hissəsində Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynayan qadın xanəndələrin səsyazıları toplanıb.


“Gənc xanəndələr” albomunda Heydər Əliyev Fondu tərəfindən keçirilən muğam televiziya müsabiqələrinin (2005, 2007) laureatlarının ifasında Azərbaycan muğam dəstgahları, kiçik muğamlar və zərbi muğamlar təqdim olunur.


“Muğam ensiklopediyası” multimedia diski şifahi ənənəli professional musiqiyə dair geniş bilgilər verən mənbədir. Elektron nəşrin əsas xüsusiyyəti ondan ibarətdir ki, buradakı hər bir terminin izahı çoxtəbəqəli olub digər səhifələrlə əlaqələnir, həmçinin, həmin sözü daha ətraflı şəkildə izah etmək üçün foto, audio, video materiallardan, musiqişünasların səslənən mühazirələrindən, not nümunələrindən istifadə olunur, təqdim olunan şərhlər canlandırılır.


Kitabxanaya keçid