Leyla İlham qızı Əliyeva 3 iyul 1985-ci ildə Moskvada anadan olub.
2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub.
2006-2008-ci illərdə Leyla Əliyeva Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) magistratura pilləsində təhsil alıb.
2010-cu ilə qədər MQİMO-da Azərbaycanlılar Klubunun sədri olub.
2007-ci il mayın 10-dan Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəridir.
2007-ci il dekabrın 19-da Moskvada “Baku” jurnalını təsis edib. Jurnalın təsisçisi və baş redaktorudur.
2008-ci il mayın 8-dən başlamış “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarıdır.
2008-ci ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi vəzifəsində çalışır.
2009-cu il aprelin 18-də Leyla Əliyeva Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri vəzifəsinə seçilib.
2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir.
2011-ci ilin iyul ayında xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə “Tərəqqi” medalı ilə təltif olunub.
2011-ci il iyulun 12-də Leyla Əliyevanın təşəbbüsü ilə IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi fəaliyyətə başlayıb.
2011-ci ilin oktyabrında Londonda “Baku” jurnalının ingilis dilli versiyasını təqdim edib.
2011-ci ilin noyabrında humanitar aksiyalarda fəal iştirakına görə Nyu-Yorkda “Key to life” fəxri mükafatına layiq görülüb.
2011-ci il noyabrın 22-də BMT-nin sertifikatını və xüsusi vəsiqəsini alıb.
2012 və 2013-cü illərin aprel ayında Leyla Əliyeva Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadası Təşkilat Komitəsinin idarə heyəti tərəfindən "Ekoloji mühitin qorunmasına görə" Xüsusi Beynəlxalq Şərəf Mükafatına layiq görülüb.
2012-ci il sentyabrın 12-də “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı ilə təltif olunub.
2013-cü il oktyabrın 1-də Moskva və Bütün Rusiyanın Patriarxı Kirilin sərəncamına əsasən “3-cü dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa” ordeni ilə təltif olunub. Orden 20 dekabr 2013-cü il tarixində Həştərxan şəhərində təqdim olunub.
2013-cü il dekabrın 19-da “Volqoqrad vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub.
2015-ci ilin mayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb.
2015-ci il mayın 22-də insanların sağlamlığının qorunması sahəsində səmərəli fəaliyyəti və ekoloji tarazlığın təmin olunması məqsədilə beynəlxalq dialoqun inkişafına verdiyi dəyərli töhfələrə görə “İlin beynəlxalq dialoqu” mükafatına layiq görülüb.
2015-ci il oktyabrın 20-də Rusiya Federasiyasının “Puşkin” medalı ilə təltif olunub. 2015-ci il noyabrın 4-də Xalq Birliyi Günü şərəfinə keçirilən qəbulda Rusiya Prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib.
2016-cı il mayın 19-da Leyla Əliyevaya Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri professoru diplomu təqdim olunub.
2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin "Xidmətlərə görə" medalına layiq görülüb.
İki oğlu, bir qızı var.