1396322209.jpg
1 aprel 2014

Vaşinqtonda Heydər Əliyev Fondu və “Uşaq ürəyini xilas et” təşkilatının birgə layihəsi təqdim olunub

Heydər Əliyev Fondunun “Uşaq ürəyini xilas et” (Save a Child’s Heart) xeyriyyə təşkilatı ilə birgə həyata keçirəcəyi layihənin icrası ilə əlaqədar Vaşinqtonda xüsusi təqdimat mərasimi olub.


Tədbiri mərasimin keçirildiyi  “Beynəlxalq Bnay Brit” (B'nai B'rith International) təşkilatının vitse-prezidenti Daniel Mariaşi açıb. O, Heydər Əliyev Fondu ilə “Uşaq ürəyini xilas et” təşkilatı arasında əməkdaşlığı yüksək qiymətləndirib.


“Uşaq ürəyini xilas et” təşkilatının icraçı direktoru Devid Lituak təmsil etdiyi təşkilat haqqında məlumat verib, qurumun əsas mərkəzinin İsraildə yerləşdiyini söyləyib. Onun sözlərinə görə, Heydər Əliyev Fondu ilə əməkdaşlıq sayəsində Azərbaycan təşkilatın əməkdaşlıq edəcəyi sayca 49-cu ölkə olacaq. D.Lituak bildirib ki, 1995-ci ildə təsis edilmiş bu təşkilata könüllülük prinsipi əsasında dəstək verən həkimlər tərəfindən indiyədək 2 mindən artıq uşağın həyatının xilas olunub: “Heydər Əliyev Fondu ilə qurulan tərəfdaşlıq nəticəsində, bundan sonra ağır ürək çatışmazlığı ilə doğulmuş azərbaycanlı uşaqlar təşkilatın İsraildə fəaliyyət göstərən Uolfson Tibbi Mərkəzində (Wolfson Medical Center) əməliyyat oluna biləcəklər”. Layihə çərçivəsində azərbaycanlı mütəxəssislər üçün təlimlər də keçiriləcək: “Təşkilatımız Azərbaycanda müvafiq ixtisaslaşmış tibbi mərkəzin yaradılmasına dəstək verməyə də hazırdır”.


Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi Cəmilə Paşayeva-Seyidzadə əvvəlcə iştirakçılara Fondun fəaliyyəti haqqında məlumat verib. O, “Uşaq ürəyini xilas et” təşkilatı ilə əməkdaşlığın əhəmiyyətindən danışıb, Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ixtisasca həkim olduğunu xatırladıb, bu üzdən də səhiyyə sahəsindəki layihələrə, o cümlədən uşaqların müalicəsinə xüsusi qayğı göstərdiyini, bu işləri şəxsən diqqətdə saxladığını bildirib.


C.Paşayeva-Seyidzadə deyib ki, “Uşaq ürəyini xilas et” təşkilatı ilə birgə layihənin təqdimatı Vaşinqtonda keçirilsə də, layihə 3 ölkə - Azərbaycan, ABŞ və İsrail arasında mövcud körpüləri daha da möhkəmləndirəcək.


Tədbir iştirakçıları Heydər Əliyev Fondunun fəaliyyəti haqqında filmə baxıb, Fondun müxtəlif mövzulara həsr olunmuş nəşrləri ilə tanış olublar.


Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Fəxrəddin İsmayılov Azərbaycanın beynəlxalq miqyaslı xeyriyyə fəaliyyətində Heydər Əliyev Fondunun mühüm pay sahibi olduğunu bildirib.


İsrailin ABŞ-dakı səfirliyinin müşaviri Eli Qroner, “Uşaq ürəyini xilas et” təşkilatının ABŞ nümayəndəliyinin prezidenti Barri Perlis də Heydər Əliyev Fondu və “Uşaq ürəyini xilas et” təşkilatı arasında əməkdaşlığı yüksək qiymətləndiriblər.


Qeyd edək ki, mərasimdən bir neçə gün öncə Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi C.Paşayeva-Seyidzadə “Uşaq ürəyini xilas et” təşkilatının ABŞ İdarə Heyətinin rəhbəri xanım Fransis Kuk ilə görüşüb. Görüşdə təşkilatlar arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.



FOTO