2_edit.JPG
18 iyun 2007

Heydər Əliyev Fondu, Azərbaycan Hökuməti və YUNESKO arasında ölkəmizdə peşə təhsilinin inkişafını nəzərdə tutan layihənin icra planına dair saziş imzalanıb

İyunun 18-də Heydər Əliyev Fondunda BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatı - YUNESKO, Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu arasında ölkəmizdə peşə təhsilinin inkişafını nəzərdə tutan layihənin icra planına dair saziş imzalanmışdır.


YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva mərasim iştirakçılarını salamlayaraq, rəhbərlik etdiyi Fondun təhsil sahəsinə xüsusi əhəmiyyət verdiyini, bu istiqamətdə bir sıra layihələr həyata keçirdiyini bildirmişdir. Bundan əvvəl BMT və YUNESKO ilə əməkdaşlıq çərçivəsində birgə layihələrin uğurla yerinə yetirildiyini vurğulayan Azərbaycanın birinci xanımı, ölkəmizdə peşə təhsilinin inkişafını dəstəkləməyi nəzərdə tutan layihənin əhəmiyyətini qeyd etmiş, imzalanacaq sazişin də uğurla reallaşacağına inandığını söyləmişdir. 2005-ci il avqustun 24-də “Gülüstan” sarayında keçirilən “YUNESKO-Azərbaycan: gələcəyə körpü” mövzusunda konfransda YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın da iştirak etdiyini, tədbirdə Azərbaycanın təhsil sistemində aparılan islahatlardan söhbət getdiyini, Avropa təhsil sisteminə inteqrasiya və digər məsələlərin müzakirə olunduğunu, birgə memorandum imzalandığını xatırlatmışdır. Mehriban xanım Əliyeva demişdir ki, gələn ilin yayında ölkəmiz YUNESKO ilə birlikdə təşkil olunacaq “Təhsil hamı üçün” konfransına ev sahibliyi edəcəkdir. Konfransın keçirildiyi günlərdə YUNESKO-nun Baş direktorunun iştirakı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin açılışı da olacaqdır.


Təhsil naziri Misir Mərdanov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış proqramlar çərçivəsində son iki ildə respublikamızda 200-ə qədər məktəbin tikilib istifadəyə verildiyini, 29 uşaq evi və internat məktəbinin əsaslı təmir edildiyini, müasir tələblərə cavab verən avadanlıqla təmin olunduğunu xatırlatmışdır. O, demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə peşə təhsilinin yenidən qurulmasına böyük əhəmiyyət verir, yaxın vaxtlarda bununla bağlı xüsusi dövlət proqramı qəbul ediləcəkdir. Bu proqram, eləcə də imzalanacaq saziş peşə təhsilinin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacaqdır. YUNESKO ilə iki il əvvəl imzalanmış memoranduma uyğun olaraq hazırlanmış hazırkı layihənin turizm və mehmanxana işini əhatə edəcəyini bildirən nazir demişdir ki, layihə yaxın iki ildə müasir tələblərə cavab verən mehmanxananın tikilib avadanlıqla tam komplektləşdirilməsini, müəllimlərin hazırlanmasını, dərslik və proqramların tərtibini, eləcə də peşə təhsili sahəsində mehmanxana təsərrüfatı, turizm, informasiya texnologiyaları, ingilis dili, kadrların ixtisasartırma və təlim resursları üzrə kurrikulumların təhlili və yeniləşdirilməsini də nəzərdə tutur. YUNESKO, Azərbaycan Hökuməti, Yaponiya Hökuməti və Heydər Əliyev Fondunun ayırdığı vəsait hesabına həyata keçiriləcək layihənin dəyəri 488 min ABŞ dollarıdır.


YUNESKO-nun Moskva ofisinin baş direktoru Dendev Badarç Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanımın genişmiqyaslı ictimai, xeyriyyəçilik fəaliyyətinin nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirildiyini vurğulayaraq, yeni əməkdaşlığın da səmərəli nəticələr verəcəyinə əminliyini söyləmişdir.


“Funds-in-trust” layihəsinin icra planına dair Saziş”i Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, təhsil naziri Misir Mərdanov və YUNESKO-nun Moskva ofisinin baş direktoru Dendev Badarç imzalamışlar.


Mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Tadahiro Abe iştirak etmişdir.


FOTO