TAMIZ SHAHAR ASC-MAKTABLI-EKSKURSIYA.jpg
16 noyabr 2012

Məktəblilər tullantıların çeşidlənməsi prosesi ilə tanış olublar

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən “Təmiz Qala” layihəsinin maarifləndirmə proqramı çərçivəsində Xəzər rayonunun Qala qəsəbəsində “Azalt. Yenidən istifadə et. Çeşidlə.” (“Reduce. Reuse. Recycle.”) şüarı altında uşaqlar üçün beynəlxalq konfrans işini davam etdirib.


Konfransın ikinci günündə məktəblilərin Bakıda tullantıların idarəolunması sistemi ilə əyani surətdə tanış olmaları məqsədi ilə ekskursiyalar təşkil olunub.


Əvvəlcə məktəblilər Qala qəsəbəsində tullantıların kompleks idarə edilməsi sistemi haqqında məlumatlandırılmış, qəsəbə ərazisində əmələ gələn tullantıların yığılması və daşınması prosesini izləyiblər. Qalada yerləşdirilmiş qida və qeyri-qida tullantıları üçün müvafiq olaraq quraşdırılmış yaşıl və göy konteynerlər, tullantı meydançalarında izahedici stendlər, tullantı maşınlarının GPS sistemi vasitəsilə nəzarət prosesi şagirdlər tərəfindən maraqla izlənilib.


Sonra tullantıların zərərsizləşdirilməsi prosesini müşahidə etmək məqsədi ilə bərk məişət tullantılarının çeşidlənməsi zavoduna ekskursiya təşkil edilib. Məktəblilər test rejimdə fəaliyyət göstərən zavodda tullantıların çeşidlənməsi prosesi ilə tanış olublar. Şagirdlərə il ərzində 200 min ton tullantı qəbul etmək gücünə malik olan zavodun fəaliyyəti nəticəsində yararlı tullantının ayrılaraq təkrar emala yönəldiləcəyi barədə məlumat verilib.


Məktəblilərin və gənclərin tullantıların idarə olunması haqqında məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə gələcəkdə də belə tədbirlərin keçirilməsi planlaşdırılır.


FOTO