15 iyul 2013

Heydər Əliyev Fondunun dəstəyi ilə Mingəçevirdə tələbələr üçün təşkil olunmuş yay məktəbi başa çatıb

Heydər Əliyev Fondunun dəstəyi ilə “Təmiz Şəhər” ASC-nin iyulun 11-dən 15-dək Mingəçevirdə təşkil etdiyi “Təmiz şəhər naminə” IV ekoloji yay məktəbi başa çatıb.

 

Yay məktəbi tullantıların idarə olunması sahəsində gənclərin maarifləndirilməsinə, onların ekoloji mədəniyyətlərinin artırılmasına xidmət edirdi.

 

Məktəbdə 50 tələbə tullantıların idarə olunması sahəsində əsas anlayışlar, tullantıların növləri, onların idarə olunması prosesi və zərərsizləşdirilməsi üsulları haqqında biliklərə yiyələniblər. “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri tərəfindən iştirakçılara ölkəmizdə tullantıların idarə olunması sahəsində əldə edilən nailiyyətlər, bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodları, Balaxanı Sənaye Parkı və gələcək layihələr haqqında məlumat verilib.

 

Məktəbin təlim-tədris hissəsində mütəxəssislər tərəfindən tələbələr üçün mühazirələr keçirilib, ekoloji mövzuda debatlar təşkil olunub. Gənclər üçün müxtəlif komanda oyunları, intellektual və ekoloji yarışlar da keçirilib.

 

Sonda yay məktəbinin iştirakçılarına “Təmiz Şəhər” ASC tərəfindən sertifikatlar verilib.