14 oktyabr 2013

Gənclərin diqqətini tullantıların idarəedilməsi sahəsinə yönəltmək məqsədi ilə veloyürüş keçirilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda gənclər arasında veloyürüş təşkil olunub.

 

İki mərhələdən ibarət veloyürüşdə 50-yə yaxın gənc iştirak edib. Velosipedçilər Qala Tarixi-Etnoqrafiya Muzeyinin qarşısından yola çıxıb və qəsəbə ərazisində təyin olunmuş marşrut üzrə hərəkətlərini davam etdiriblər.

 

Veloyürüş bitdikdən sonra isə açıq havada iştirakçılar üçün gəzinti təşkil edilib, onlara çöl şəraitində sağlam qidalanma ilə bağlı təlim keçirilib. Gəzinti zamanı ətraf mühitin təmiz saxlanılması və tullantıların idarə edilməsi barədə söhbət aparılıb. Sonra gənclər ərazini tullantılardan təmizləyiblər.

 

Aksiya gənclərin diqqətini tullantıların idarəedilməsi sahəsinə bir daha yönəltmək, eləcə də sağlam həyat tərzini təbliğ etmək, insanları ekologiyaya vurulan ziyanın mümkün qədər azaldılmasına çağırmaq, eyni zamanda, gənclərdə həm ekoloji, həm də piknik mədəniyyətini inkişaf etdirmək məqsədi daşıyır.