03_tamiz-shahar-qala-konfrans.jpg
17 noyabr 2013

Tullantıların idarəolunması sahəsində uşaqların ikinci beynəlxalq konfransı başa çatıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən “Təmiz Qala” layihəsinin maarifləndirmə proqramı çərçivəsində Qala qəsəbəsində “Yenidən istifadə et. Azalt. Çeşidlə.” şüarı altında uşaqlar arasında noyabrın 15-dən keçirilən ikinci Beynəlxalq konfrans başa çatıb.

 

Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Belarus, Ukrayna və digər ölkələrdən olan məktəblilərin iştirak etdiyi konfransın məqsədi uşaqlara ətraf mühitin mühafizəsində iştirak, tullantıların düzgün zərərsizləşdirilməsi metodları, məişət tullantılarının çeşidlənməsi, təbii ehtiyatlara qənaətlə yanaşılması metodlarını öyrətmək, bu sahədə onların məlumatlılıq səviyyəsini artırmaq, eləcə də müxtəlif ölkələrdən olan məktəblilər arasında bu sahədə bilik mübadiləsini dəstəkləməkdir.

 

İştirakçılar Bakı şəhərində tullantıların idarə edilməsi sistemi ilə əyani tanış olmaq üçün Balaxanı qəsəbəsində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda və Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olublar. Burada iştirakçılara zavodların fəaliyyətinə dair təqdimatlar və videoçarxlar nümayiş etdirilib.

 

Tədbir çərçivəsində gənc iştirakçılar Heydər Əliyev Mərkəzini də ziyarət edib, burada Azərbaycan mədəniyyəti və tarixi ilə tanış olublar.

 

Tədbir noyabrın 17-də “Excelsior Hotel”də başa çatıb.

 

Burada gənc iştirakçılar 3 gün ərzində hazırladıqları təqdimatları, tullantıların idarə edilməsi və ümumiyyətlə ekologiya sahəsində biliklərini bölüşüblər. Sonda bütün iştirakçılar diplomlarla təltif edilib, onlara hədiyyələr verilib.


FOTO