Dekabrın 11-də Yeni Azərbaycan Partiyasının Gənclər təşkilatının nümayəndələri Heydər Əliyev Fondunu ziyarət etmişlər.
Gənclərə ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri barədə məlumat verilmişdir.
Bildirilmişdir ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.
Fond genişmiqyaslı layihələr həyata keçirməklə görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.
Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən gənclər görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərdilər.
Bildirilmişdir ki, ulu öndər hər zaman Azərbaycan gənclərinin cəmiyyətin həyatında və dövlət idarəçiliyində fəal iştirakına xüsusi diqqət yetirmişdir. Respublikamıza rəhbərliyinin bütün dövrlərində gənclərin fəallığının artırılması, onların qabaqcıl təhsil müəssisələrində ali təhsil almaları uzaqgörən dövlət xadiminin əsas məqsədlərindən biri olmuşdur.
Sonda gənclər ulu öndərin həyat və fəaliyyəti haqqında “Böyük ömrün anları” filminə baxmışlar.
Qonaqlar Fondla tanışlıqdan zəngin təəssüratla ayrılmışlar.