25 sentyabr 2009

Çexiya Respublikası Parlamenti Senatının sədri Prşemisl Sobotkanın başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Azərbaycanda səfərdə olan Çexiya Respublikası Parlamenti Senatının sədri Prşemısl Sobotkanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 25-də Heydər Əliyev Fondunda olmuşdur.

 

Qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə ətraflı məlumat verildi.

 

Çexiyalı qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr edilmiş kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olmuş, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışlar.

 

Ulu öndərin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyəti dövrlərində ölkənin müxtəlif sahələrində qazanılan uğurlar, həyata keçirilən layihələr fondun ziyarətçilərində böyük maraq doğurmuşdur.

 

Prşemısl Sobotka Fondla tanışlıqdan sonra, Xatirə kitabına ürək sözlərini yazdı.

 

Gördüklərindən zəngin təəssürat aldığını bildirən qonaq, Heydər Əliyev Fonduna xatirə hədiyyəsi təqdim etmişdir.