Azərbaycanda səfərdə olan Polşanın keçmiş birinci xanımı İolanta Kvasnevska sentyabrın 16-da Heydər Əliyev Fondunda olmuşdur.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xanım İolanta Kvasnevskanı səmimiyyətlə qarşıladı.
Qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə ətraflı məlumat verildi.
Xanım İolanta Kvasnevska fenomen şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı.
Sonra qonaq Heydər Əliyev Fondunun fəaliyyəti, həyata keçirdiyi çoxsaylı layihələr haqqında filmə baxdı.
Fondla ətraflı tanışlıq xanım İolanta Kvasnevskada zəngin təəssürat yaratdı.