001.jpg
5 aprel 2006

Türkiyə Prezidenti Əhməd Necdət Sezər və xanımı Səmra Sezər Heydər Əliyev Fondunda olublar

Türkiyə Prezidenti Əhməd Necdət Sezər aprelin 5-də Heydər Əliyev Fondunda olmuşdur.


Azərbaycan Prezidenti İlham Əliyev və Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Türkiyənin dövlət başçısını və onun xanımı Səmra Sezəri böyük səmimiyyətlə qarşıladılar.


Mehriban xanım Əliyeva Türkiyə Prezidentinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verdi. Bildirildi ki, Fondun əsas məqsədləri Prezident Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, onun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.


Prezident İlham Əliyev ali qonağa ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə ətraflı məlumat verdi.


Türkiyə dövlətinin başçısı fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə böyük maraqla baxdı.


Türk dünyasının böyük öndəri Heydər Əliyevin qardaş ölkəyə səfərlərini, eləcə də Türkiyə Cümhuriyyətinin dövlət və hökumət rəhbərlərinin Azərbaycana səfərlərini, birgə görüşləri əks etdirən fotolar qonaqlarda xüsusi maraq doğurdu.


Prezident Əhməd Necdət Sezər Fondla tanışlıqdan sonra Xatirə kitabına öz ürək sözlərini yazdı: "Azərbaycanın böyük öndəri, əziz dostum, mərhum Cümhurbaşqanı Heydər Əliyevin adına qurulan bu önəmli məbədgahı ziyarətimdən məmnunam.


Azərbaycan dövlətinin dünyada öz layiqli yerini tutması üçün atdığı addımlar onu həmişə yaşadacaqdır.


Çağdaş Azərbaycanın indi mühüm inkişafa nail olduğunu görməkdən qürur duyuram.


Bu nailiyyətlərin əldə edilməsində Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın apardığı böyük işlərdə uğurlar diləyirəm."


Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Əhməd Necdət Sezər Fondun binasının eyvanından Bakının, Xəzərin mənzərəsini, qədim İçərişəhəri seyr etdilər.


Azərbaycan və Türkiyənin dövlət başçıları və xanımları sonra çay süfrəsi arxasında səmimi söhbət etdilər.


Qardaş ölkənin Prezidentinə üzərində onun portreti toxunmuş nəfis xalça və Fondun layihələri olan kitablar, musiqi albomları hədiyyə edildi.


Prezident Əhməd Necdət Sezər Türkiyənin İznik vilayətinin ustaları tərəfindən xüsusi olaraq hazırlanmış nəfis çini qabı Mehriban xanıma təqdim etdi.


Azərbaycan və Türkiyə prezidentləri və xanımları birlikdə xatirə şəkilləri çəkdirdilər.


Ali qonaq Fonddan xoş və zəngin təəssüratla ayrıldığını bildirdi.


Fondun binası qarşısına toplaşmış yüzlərlə şəhər sakini prezidentlər İlham Əliyevi və Əhməd Necdət Sezəri hərarətlə salamladılar.


FOTO