PREZIDENT - ECO - NUMAYANDA - HEYDAR ALIYEV FONDU - ZIYARAT.jpg
5 may 2006

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçıları Heydər Əliyev Fondunda olublar

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 9-cu zirvə toplantısında iştirak etmək üçün ölkəmizdə səfərdə olan nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mayın 5-də Heydər Əliyev Fondunda olmuşdur.

 

Ali qonaqlara xalqımızın ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq, yaradılmış Fondun məqsədləri barədə məlumat verildi. Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, onun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyətinin və ölkəmizin tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

 

Prezident İlham Əliyev ali qonaqlara ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə söhbət açdı, onları maraqlandıran suallara cavab verdi.

 

Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu fotoşəkillərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış oldular. Dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, ümummilli liderimizlə müxtəlif görüşlərdə çəkdirdikləri fotoşəkillərə böyük maraqla baxdılar. Hələ Sovet İttifaqının rəhbərlərindən biri olarkən onun SSRİ-nin müsəlman respublikalarının, şərq ölkələrinin başçıları ilə mehriban münasibətləri olduğu xüsusi vurğulandı.

 

Ali qonaqlar Fondun Xatirə kitabına ürək sözlərini yazaraq, görkəmli siyasi xadim Heydər Əliyevə şəxsi hörmət və ehtiramlarını ifadə etdilər.


FOTO