Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı gənclər birliyinin üzvləri mayın 4-də Heydər Əliyev Fondunda olmuşlar.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial–iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyəti və tarixinin təbliğinə kömək edir.
Qonaqlar Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirmişlər. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə maraqla tamaşa etmişlər.
YAP Səbail rayon təşkilatı gənclər birliyinin üzvləri xatirə şəkli çəkdirmiş və Fonddan zəngin təəssüratla ayrılmışlar.