002.gif
3 may 2013

Moskva Dövlət Universitetinin tələbələri Heydər Əliyev Fondunda olublar

Moskva Dövlət Universitetinin (MDU) tələbələri mayın 3-də Heydər Əliyev Fondunu ziyarət ediblər.


Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib.


Bildirilib ki, ümummilli liderin zəngin irsini öyrənən və təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.


Qonaqlar Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olublar. Onlara məlumat verilib ki, ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrəsidir.


MDU-nun tələbələri Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlər zamanı çəkilmiş şəkillərə baxıblar.


Sonda qonaqlar Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filmini izləyiblər.


FOTO