Azərbaycanda səfərdə olan Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranao noyabrın 4-də Heydər Əliyev Fondunda olmuşdur.
Qonağa Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Nazir L.Baranao ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olmuşdur.
Məlumat verilmişdir ki, ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışdır. Ulu öndərin zəkasının bəhrəsi olan və indi onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketi argentinalı qonaqlarda xüsusi maraq doğurmuşdur. Bu layihənin nəinki regionda, həm də bütün Avropada geosiyasi vəziyyətə böyük təsir göstərdiyi vurğulanmışdır.
Qonaq Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılmışdır.