22 yanvar 2005

Azərbaycanda İTAR-TASS günlərinin iştirakçıları Heydər Əliyev Fondunda olublar

Yanvarın 22-də Azərbaycanda İTAR-TASS günlərinin nümayəndələri Heydər Əliyev Fondunda olmuşlar.


Rusiyadan gəlmiş qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verilmişdir. Bildirilmişdirki, Fondun əsas məqsədi Prezident Heydər Əliyevin zəngin irsini öyrənməkdən, Azərbaycanın tərəqqisinə yönəldilmiş genişmiqyaslı layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliğ olunması ilə əlaqədar işlərin aparılmasına yardım göstərməkdən ibarətdir.


Ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin müxtəlif dövrlərinə aid eksponatlar qonaqlarda böyük maraq doğurmuşdur.

 

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif anlarını əks etdirən, Azərbaycan tarixinin bütöv mərhələsi haqqında geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərlə, dünyanın məşhur siyasi xadimlərinin verdikləri hədiyyələrlə, böyük rəhbərimiz haqqında yazılmış kitablarlada tanış olmuşlar.

 

Fondla tanışlıqdan sonra İTAR-TASS-ın Baş direktoru Vitali İqnatenko Fondun fəxri qonaqları kitabına ürək sözlərini yazmışdır: "Bizim hamımız üçün, Azərbaycanda İTAR-TASS günlərinin iştirakçıları üçün belə bir görkəmli yerdə - Heydər Əliyeviç Əliyev Fondunda olmaq böyük şərəfdir. Bu, öz həyatını xalqına xidmətə həsr etmiş dahi bir insanla daha bir görüş idi.

 

Prezident Heydər Əliyevin xatirəsini əziz tutanların hamısına müvəffəqiyyət arzulayırıq.

 

RF Dövlət Duması deputatları nümayəndə heyətinin, RF Federasiya Şurasının, RF nazirlərinin, yazıçıların, jurnalistlərin, diplomatların adından V.İqnatenko İTAR-TASS-ın Baş direktoru".

 

Fondu ziyarət zamanı Azərbaycanda İTAR-TASS günlərinin iştirakçılarını Azərbaycan Prezidenti İcra Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, nəqliyyat naziri Ziya Məmmədov və mədəniyyət naziri Polad Bülbüloğlu müşayiət etmişlər.