1.jpg
24 avqust 2005

YUNESKO-nun baş direktoru Koişiro Matsuura Heydər Əliyev Fondunda olub

YUNESKO-nun baş direktoru Koişiro Matsuura avqustun 24-də Heydər Əliyev Fondunda olmuşdur.


Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva hörmətli qonağı böyük səmimiyyətlə qarşıladı.

 

YUNESKO-nun baş direktoru, onu müşayiət edən nümayəndə heyətinin üzvləri əvvəlcə Fondun sərgi və ekspozisiyası ilə tanış oldular. Qonaqlara ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumatlar verildi.

 

YUNESKO-nun baş direktoru və nümayəndə heyətinin üzvləri fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələrə, ulu öndərimiz haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə böyük maraqla baxdılar.


Cənab Koişiro Matsuura Fondla tanış olduqdan sonra Xatirə kitabına öz ürək sözlərini yazdı.

 

Sonra Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə cənab Koişiro Matsuura və nümayəndə heyətinin üzvləri arasında görüş oldu.


MEHRİBAN ƏLİYEVA qonaqları bir daha salamlayaraq dedi:

 

- Sizin hər birinizi ölkəmizdə görməkdən çox böyük qürur hissi duyuram və çox şadam. Cənab baş direktora xüsusi minnətdarlığımı çatdırmaq istəyirəm. Məhz onun Azərbaycana göstərdiyi böyük diqqət və marağın sayəsində bu səfər baş tutmuşdur.

 

Azərbaycanla YUNESKO arasında həmişə sıx əməkdaşlıq olub və son zamanlar bu əməkdaşlıq, demək olar ki, yeni bir mərhələyə qədəm qoyub, sürətlə inkişaf edir. Mən əminəm ki, indiki səfər əməkdaşlığımıza yeni bir təkan verəcəkdir.


Əziz dostlar, mən Sizə Heydər Əliyev Fondu haqqında qısa məlumat vermək istəyirəm. Heydər Əliyev Fondu 2004-cü il mayın 10-dan fəaliyyətə başlamışdır. Fondun əsas məqsədləri, əsas vəzifələri Heydər Əliyev tərəfindən yaradılmış azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını təbliğ etmək və gələcək nəsillərə çatdırmaqdır. Fəaliyyətə başladığımız ilk gündən qarşımıza zamanın tələblərinə cavab verən vəzifələr qoymuşuq. Böyük, qlobal layihələr həyata keçirmişik. İlk gündən çalışmışıq ki, konkret insanların konkret problemlərinin həllinə kömək edək.

 

Bir il ərzində ölkəmizin sosial problemlərinin həllində çox böyük işlər görmüşük. Mən yalnız bir neçə layihəni vurğulamaq istərdim. Uşaq evləri və internat məktəblərində təlim-tərbiyə alan uşaqlara yardım, diabet xəstəliyindən əziyyət çəkən uşaqlara yardım, talassemiyasız həyat, təhsil sahəsində çox böyük layihələr həyata keçirilir. Bu sahədə ən mühüm layihəmiz olan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində yeni dərs ilinədək 132 məktəb tikiləcəkdir.


Bizim fəaliyyətimizin prioritet istiqaməti cəmiyyətimizin ən zəif, yardıma ehtiyacı olan təbəqələrinə kömək əli uzatmaqdan ibarətdir. İnanıram ki, bu görüşdən sonra Fondumuz YUNESKO kimi çox nüfuzlu beynəlxalq təşkilatla birlikdə bir sıra irimiqyaslı layihələr həyata keçirəcəkdir.

 

Təəssüf edirəm ki, Azərbaycana səfəriniz cəmi iki gün çəkir, çox qısadır. Azərbaycan çox gözəl, çox maraqlıdır, çox qədim tarixə malik olan ölkədir və çox istərdim bunların hamısını görə biləsiniz.

 

Azərbaycan xalqının çox gözəl ənənələri var, bunlardan biri və hesab edirəm ki, ən gözəli qonaqpərvərlikdir. Biz qonaq görməyə həmişə çox şad oluruq, hər bir qonağı özümüzə doğma və yaxın hesab edirik. İnanıram ki, siz bu qonaqpərvərliyi özünüz görüb hiss edəcəksiniz.

 

Bir daha Azərbaycana xoş gəlmisiniz, Sizi görməyə çox şadam. Sizin hər birinizin ürəyindən keçənləri eşitmək və hər bir istəyinizi həyata keçirməyə çox şad olardım.

 

YUNESKO-nun baş direktoru KOİŞİRO MATSUURA səmimi görüşə, xoş sözlərə görə özünün və xanımının, nümayəndə heyətinin üzvləri adından təşəkkürünü bildirdi. 2000-ci ilin aprelində Bakıda "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinə həsr olunmuş tədbirlərdə iştirakını, Azərbaycanın ümummilli lideri ilə görüşlərini xatırlayaraq, Fondun çox maraqlı ekspozisiyaları ilə tanışlıqdan, xüsusilə özünün də böyük insan Heydər Əliyevlə birlikdə çəkdirdiyi şəkli görməkdən məmnun olduğunu söylədi. O, Heydər Əliyev Fondunun prezidenti və xoşməramlı səfir Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirərək, əməkdaşlığın və qarşılıqlı əlaqələrin daha da inkişaf edib möhkəmlənəcəyinə əminliyini vurğuladı.

 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparıldı.

 

Mehriban xanım Əliyeva cənab Koişiro Matsuuraya onun məruzə və çıxışlarının miniatür nəşrini, Fondun fəaliyyətindən bəhs edən kitab və qol saatı hədiyyə etdi.


Cənab Koişiro Matsuura Fondun prezidenti Mehriban xanım Əliyevaya YUNESKO-nun medalını, "Qloballaşma və mədəni irs" kitabını təqdim etdi.


Qonaqlar xatirə şəkli çəkdirdilər və Fonddan xoş təəssüratla ayrıldılar.

 


FOTO