NIDERLAND - FOND - KITABLAR - TAQDIMAT .JPG
27 may 2008

Niderlandın Kraliça Kitabxanasına Heydər Əliyev Fondunun təqdim etdiyi kitablar hədiyyə olunub

Azərbaycanın Niderland Krallığındakı səfirliyi bu ölkədə fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi ilə birgə Heydər Əliyev Fondunun ölkəmiz haqqında təqdim etdiyi kitabların Niderlandın Kraliça Kitabxanasına hədiyyə verilməsi mərasimi keçirilmişdir.

 

Tədbirdə ümummilli lider Heydər Əliyevin həyatını və Azərbaycan xalqı üçün yorulmaz fəaliyyətini əks etdirən kitablar haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, məhz Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində layiqli yer tutmuşdur.

 

Sonra Azərbaycanın mədəniyyətinə xüsusi töhfə vermiş Arif Babayev, Mstislav Rostropoviç, Lətif Kərimov, Rafiq Babayev kimi şəxsiyyətlər, Azərbaycanın mədəniyyəti, tarixi və təbiəti haqqında kitablar holland tərəfinə təqdim edilmişdir.

 

Bundan əlavə, Kraliça Kitabxanasına Ermənistanın Azərbaycana qarşı təcavüzünü obyektiv işıqlandıran kitablar təqdim olunmuş, onlar haqqında ətraflı məlumat çatdırılmışdır.

 

Kraliça Kitabxanasının direktor vəzifəsinin icraçısı, Qiymətli Kitab və Kolleksiyalar İdarəsinin rəisi Mətəys van Otegem hədiyyə olunmuş gözəl kitablara görə Heydər Əliyev Fondunun rəhbərliyinə dərin təşəkkürünü bildirmiş, bu kitabların holland oxucuları üçün Azərbaycan kimi zəngin tarixə, mədəniyyətə malik, dinamik inkişafda olan ölkə haqqında keyfiyyətcə yeni məlumat mənbələri olacağını xüsusi vurğulamışdır.

 

Van Otegem qeyd etmişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü Azərbaycan ilə Niderland arasında humanitar sahədə əməkdaşlığa yeni təkan verərək, bütün Avropa dövlətləri üçün mədəniyyətlərarası dialoqun inkişafına nümunə ola bilər. Niderland tərəfi xüsusi vurğulamışdır ki, Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunmuş kitablar Niderlandın Kraliça Kitabxanasının ən qiymətli kolleksiyaları toplusunda özünə layiq yer tutacaqdır.