22 fevral 2007

Heydər Əliyev Fondunun dəstəyi ilə İstanbulda “Xocalı həftəsi” çərçivəsində tədbirlər keçirilir

Azərbaycanın İstanbuldakı baş konsulluğu Heydər Əliyev Fondunun təşəbbüsü ilə və göndərdiyi materiallar əsasında fevralın 19-26-da İstanbul və daha 25 vilayətdə "Xocalı həftəsi" keçirir.


Baş konsul Səyyad Aran bildirmişdir ki, fevralın 20-də İstanbulun mərkəzi meydanı Taksimdə bir sıra tədbirlər keçirilmişdir. Diplomatik nümayəndəliyimiz və Türkiyə Azərbaycanlılarının Həmrəyliyi Dərnəyi burada Xocalı faciəsini əks etdirən 3 böyük panno quraşdırmış, "Bir millət, iki dövlət", "Qarabağ Azərbaycan torpağıdır" sözləri yazılmış transparantlar asılmışdır. Bundan başqa, Taksim meydanına gələn şəhər sakinlərinə və əcnəbilərə Azərbaycanın xəritəsi, 70 fotoşəkildən ibarət "Türk dünyasının qanayan yarası - Qarabağ" adlı buklet, Xocalı soyqırımı, Azərbaycanın işğal olunmuş rayonları və itgin düşmüş 4866 vətəndaşımız haqqında məlumatlar olan vərəqələr paylanmışdır.

 

Fevralın 21-də bu materiallar İstanbulun Sultan Əhməd meydanı və Bakırköy rayonunda da nümayiş etdiriləcəkdir.

 

Baş konsul Səyyad Aran "Xocalı həftəsi" çərçivəsində İzmit şəhərində keçiriləcək konfransda iştirak edəcək, bu şəhərin valisi ilə görüşəcəkdir.