27 fevral 2007

Berlində Xocalı soyqırımına həsr olunmuş anma mərasimi keçirilib

Fevralın 26-da Berlində Almaniya Parlament Cəmiyyəti iqamətgahının Kayzer salonunda Xocalı soyqırımının 15-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.


Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin və Almaniya-Azərbaycan Forumunun təşkil etdiyi mərasimdə Almaniyanın siyasi, iqtisadi, mədəni dairələrinin təmsilçiləri, o cümlədən Bundestaqın müxtəlif fraksiyalarından deputatlar, Konrad Adenauer Fondunun idarə heyətinin, bir sıra ölkələrin diplomatik missiyalarının təmsilçiləri, Avropa Azərbaycanlıları Konqresinin rəhbərliyi, Azərbaycan və türk cəmiyyətlərinin üzvləri, Almaniyada yaşayan soydaşlarımız, Milli Məclisin deputatları Fəttah Heydərov, Əkrəm Abdullayev, Aydın Abbasov, Elton Məmmədov və Fuad Muradov iştirak etmişlər.

 

Mərasimin keçirildiyi salonda Heydər Əliyev Fondunun məktəblilər arasında keçirdiyi "Xocalı uşaqların gözü ilə" rəsm müsabiqəsinin yekunlarına əsasən seçilmiş Xocalı faciəsini əks etdirən şəkillər nümayiş etdirilmişdir. Qonaqlara Fondun hazırladığı "Qarabağ həqiqətləri" bukletlər toplusu, nəşrlərin CD-DVD variantları, alman dilində nəşr olunmuş "Xocalı soyqırımı. Başvermə səbəbləri. Faktlar, həqiqətlər" kitabı paylanmışdır.

 

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya-Azərbaycan Forumunun sədri Otto Hauzer və Azərbaycan Milli Məclisinin deputatı Fəttah Heydərov çıxış edərək, Xocalı soyqırımını insanlığa qarşı ən qəddar və amansız kütləvi terror aktı kimi səciyyələndirmişlər.

 

Çıxışlarda Xocalı faciəsi erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü ərazi iddiası, soyqırım və etnik təmizləmə siyasətinin davamı və tərkib hissəsi kimi şərh edilmişdir. Bildirilmişdir ki, bəşəriyyət tarixində çox faciələr törədilmiş, insan ləyaqətinə şərəf gətirməyən hadisələr baş vermişdir. Xocalı soyqırımı öz dəhşətlərinə görə belə kütləvi qırğınlardan heç də fərqlənmir. Suveren, sülhsevər Azərbaycan dövləti artıq 15 ildir ki, dünya ictimaiyyətini, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq səsini eşitməyə, təcavüzkarı cəzalandırmağa çağırır. Amma təəssüflər olsun ki, Azərbaycan xalqının müsibətlərinə biganəlik hələ də davam edir. Ona görə də Azərbaycana qarşı təcavüzə, soyqırımına hüquqi-siyasi qiymət verilməsi vacibdir.

 

Sonra "Xocalı soyqırımı" sənədli filmi nümayiş etdirilmişdir.

 

Almaniyada yaşayan həmyerlimiz, bəstəkar və pianoçu Arif Mirzəyev Tomaso Albioninin "Adajio"sunu və özünün bəstəsi "Yanvar passionları" əsərini ifa etmişdir.

 

Berlin TD1 və TRT televiziya kanalları mərasimdə çəkilişlər aparmış, iştirakçılardan müsahibələr götürmüşdür.


Paylaş: