Böyük Britaniyanın Vindzor qəsrində ənənəvi Vindzor Kral Atçılıq Şousu (Royal Windsor Horse Show) çərçivəsində Azərbaycan pavilyonu təqdim olunub.
Qeyd edək ki, atçılıq şousu 1943-cü ildən etibarən ənənəvi olaraq hər il Vindzor sarayının parkında təşkil edilir. Tədbirdə ölkəmiz Atçılıq Federasiyası tərəfindən təmsil olunub və mayın 10-dan 15-dək Qarabağ atları, milli rəqs qrupunun çıxışları olub.
Bu il tədbir çərçivəsində həmçinin ilk dəfə olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan pavilyonu yaradılmışdı. Pavilyonda Azərbaycanın tarixi, mədəniyyəti, zəngin turizm imkanları, müxtəlif yerli brendlərə məxsus suvenirlər, yerli istehsal nümunələri təqdim olunub.
Pavilyonda mərkəzi yeri alan Qarabağ atının təsvirləri və tarixi çövkən yarışlarından fotosərgi, müəllifi Müşfiq Heydərovun olduğu “Çələbi” heykəltaraşlıq nümunəsi maraqla qarşılanıb. Azərbaycan musiqisinin mirvarisi olan muğam triosunu təqdim edən musiqi alətləri, tarixi mis və saxsı qablar, milli geyimlər, xalçaçılıq numunələri ziyarətçilərin diqqət mərkəzində olub. Pavilyonda Heydər Əliyev Fondunun müxtəlif nəşrləri də təqdim edilib.