2014-cü il noyabrın 28-də Parisin “Pöti Pale” sərgi-muzey kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycana həsr olunmuş fotosərgisinin və iki kitabının təqdimatı keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Sərgidə Reza Deqatinin “Odun cazibəsi” və “Günahsızların qırğını” kitablarında toplanmış fotolar nümayiş olunub.
“Odun cazibəsi” kitabında fotoqrafın 1987-ci ildən başlayaraq Azərbaycana səfərləri zamanı çəkdiyi fotolar nümayiş etdirilir. Fotolarda Azərbaycanın rayonları, ucqar kəndləri, sadə insanların həyat tərzi, adət-ənənələri və digər məqamlar əksini tapıb. Müəllif, eyni zamanda, milli rəqslər, konsert, tamaşa, sərgi və digər müxtəlif tədbirlərdən çəkdiyi fotolarla Azərbaycan mədəniyyətinin özünəməxsus mənzərəsini yaradıb.
“Günahsızların qırğını” kitabında isə fotojurnalistin 1992-ci ildə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı zamanı lentə aldığı görüntülər toplanıb. Kitabda, həmçinin Xocalı soyqırımının dünyada tanınması məqsədilə müxtəlif ölkələrdə keçirilən tədbirlərdən, qaçqın və məcburi köçkünlər üçün salınan şəhərcikdən fotolar yer alıb.