56-cı Venesiya Biennalesində Azərbaycan pavilyonu

  • Layihə
  • Foto
  • Video


2015-ci ildə keçirilən 56-cı Ümumdünya təsviri incəsənət sərgisi – Venesiya Biennalesində Azərbaycan pavilyonu Heydər Əliyev Fondu və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) dəstəyi ilə təqdim olunub. Mayın 6-da Venesiyanın ən izdihamlı məkanlarından biri – Kampo Santo Stefanodakı XIV əsrə aid “Lezze” Sarayında yerləşən Azərbaycan pavilyonunda “Hüdudları aşaraq” və “VitaVitale” sərgilərinin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.


“Hüdudları aşaraq” sərgisi XX əsrin repressiv Sovet rejiminin kölgəsində qalan rəssamların və onların əsərlərinin ruhunu, azadlıq eşqini işıqlandırır. Sovet rejimində kommunist ideologiyasına qarşı çıxan, “üsyankar” mövqelərini bildirmək istəyən rəssamların sərgiləri təşkil edilmir, rəssamlar ölkədən kənara çıxa bilmirdilər. “Hüdudları aşaraq” sərgisi indiyədək qaranlıqda qalan rəssamların sarsılmayan ruhlarını, onların sənət dünyasını nümayiş etdirir.


“Hüdudları aşaraq” sərgisində 7 rəssamın – Əşrəf Muradın, Cavad Mircavadovun, Tofiq Cavadovun, Rasim Babayevin, Fazil Nəcəfovun, Hüseyn Haqverdinin və Şamil Nəcəfzadənin əsərləri təqdim olunur.


“Vita Vitale” beynəlxalq sərgisi ekoloji problemlərlə mübarizə aparan müxtəlif ölkələrin rəssamlarını bir araya gətirir. Ekspozisiyaya Azərbaycan, ABŞ, Avstriya, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, Niderland, Pakistan, İsveçrə və Özbəkistan rəssamlarının əsərləri daxildir. Belə ki, “Vita Vitale”də Edvard Burtinski (Edward Burtynsky), Mirça Kantor (Mircea Cantor), Loris Çekkini (Loris Cecchini), Toni Kreqq (Tony Cragg), Laura Ford (Laura Ford), Leyla Əliyeva, Aida Mahmudova, Endi Vorhol (AndyWarhol) və digər məşhur rəssamların əl işləri yer alıb.Sərgi bizi ətraf mühitin mühafizəsində rolumuzu artırmağa sövq edir, eyni zamanda dünyanın gələcəyinin qorunması üçün kreativ ideya və alətlər təklif edir.


Sərgilər noyabrın 22-ə kimi davam edəcək.


X X X


Venesiya Biennalesi dünyanın çağdaş incəsənətində ən nüfuzlu və mötəbər sərgi-aksiya hesab olunur. İncəsənət həvəskarları üçün Venesiya Biennalesi müasir incəsənət əsərlərini görmək, öz yaradıcılığını təqdim etmək, incəsənət xadimləri ilə görüşmək və çağdaş meylləri müzakirə etmək üçün gözəl fürsətdir.



1.jpg
2.jpg
3.jpg
4.jpg
5.jpg
6.jpg
7.jpg
8.jpg
9.jpg
10.jpg
11.jpg
12.jpg
13.jpg
14.jpg
15.jpg
16.jpg
17.jpg
18.jpg
19.jpg
20.jpg
21.jpg
22.jpg
23.jpg
24.jpg
25.jpg
26.jpg