2015-ci il iyulun 14-də Kannda Azərbaycan mədəniyyəti günləri “Pirotexnika sənəti” festivalının açılışı ilə start götürüb.
Fransanın tanınmış ictimai-siyasi xadimlərinin, nüfuzlu şəxslərinin qatıldığı tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər. Mehriban Əliyeva mərasimdə çıxış edib.
Sonra “Bakı Atəşfəşanlıq Qrupu” ənənəvi “Pirotexnika sənəti” festivalının açılışını edib. 25 dəqiqəlik şou Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Ələkbər Tağıyevin ölməz əsərləri və görkəmli muğam ustası Alim Qasımovun ifası ilə müşayiət olunub.
Avqustun 24-dək davam edəcək “Pirotexnika sənəti” atəşfəşanlıq müsabiqəsində Azərbaycanla yanaşı Polşa, Fransa, İngiltərə və Argentina da iştirak edir.
Qeyd edək ki, ölkəmiz bu festivalda 2013-cü ildən iştirak edir. Builki atəşfəşanlıq həm də müsabiqə xarakterli olması ilə seçilir.