2022-ci il yanvarın 26-da Sankt-Peterburqdakı Mərmər sarayda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Yeddi gözəl” sərgisinin açılışı olub.
Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil edilmiş sərginin ekspozisiyasına Heydər Əliyev Fondunun, Azərbaycan Milli Xalça Muzeyinin və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eksponatları daxildir.
Sərginin ekspozisiyası bir neçə tarixi dövrü birləşdirən xalça, zərgərlik, bədii metal, miniatür və teatr-dekorasiya sənətinin, həmçinin klassik musiqi və rəqsin, müasir incəsənətin və deklamasiya layihəsinin sintezindən ibarətdir.
Nizami poeziyası əsrlər boyu bir çox sənətkarların yaradıcılığına təsir edib. Klassik əsərə çevrilən diqqətəlayiq əsərlərdən biri də görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletidir. Balet məşhur “Xəmsə” poemalarından biri əsasında yazılıb.
Bu iki - ədəbi və musiqi-xoreoqrafiya mənbə əsasında sərginin ekspozisiyasında dekorativ-tətbiqi incəsənətin qiymətli eksponatlarının nümayişi üçün xüsusi mühit yaradılıb. Azərbaycanlı məşhur konseptualist-rəssam Rəşad Ələkbərovun “kölgələrdən rəsmlər” metodu ilə XVI əsrə aid “Kitab oxuyan gənc” adlı Təbriz miniatürü əsasında yaratdığı “miniatür” instalyasiyası bu mühitə giriş kimi xidmət edir.
Layihənin konsepsiyası vizual və səsli obrazların vahid qavrayışını nəzərdə tutur. Videoinstalyasiyalar sayəsində tamaşaçının gözləri qarşısında cərəyan edən hadisələrdə şəxsən iştirak etməsi effekti yaranır. Məsələn, qədim əlyazma kitabların təsvir edildiyi videoinstalyasiyalarında miniatürlərin personajları sanki canlanır, tamaşaçını öz sehrli dünyalarına dəvət edir. Tamaşaçı bu canlanmış orta əsr kitabını vərəqlədikcə, dəbdəbəli saray binaları arasında gəzişdikcə balet məkanına düşür: Kainatın ucsuz-bucaqsız məkanlarından peyda olan rəqqasə-balerinalar onu əhatə edir.
“Nizami: dildən-dilə” beynəlxalq onlayn-deklamasiya layihəsinin videoçarxı sərginin interaktiv davamıdır. Bu hissədə Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan və Qırğızıstanı təmsil edən 150-dən çox məşhur incəsənət və mədəniyyət xadimi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından fraqmentləri estafet prinsipi ilə deklamasiya edirlər.
Sərgi mayın 9-na qədər davam edəcək.