Göyçay rayonunda yerləşən Hümbət İsmayılov adına Qarabaqqal kənd tam orta məktəbinin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa edilib.
Məktəbin 1939-cu ildə inşa olunmuş köhnə binası ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən müasir məktəb binası inşa edilib.
3 mərtəbəli 2 korpusdan ibarət məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter otağı, hərbi-hazırlıq otağı, tibb otağı, əmək təlimi otaqları, kitabxana, idman zalı və açıq idman meydançası var. Təhsil müəssisəsi əyani vasitələrlə tam təchiz olunub. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, şəhid Hümmət İsmayılovun xatirəsinə büst qoyulub və kənd şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə xatirə kompleksi inşa edilib.